...

Dövlət baytarlıq xidmətinin başçısı: Köçəri quşların sayının azalması Azərbaycanda "quş qripi"nin yayılma riskini xeyli aşağı salır

Siyasət Materials 27 Dekabr 2006 18:09 (UTC +04:00)
Dövlət baytarlıq xidmətinin başçısı: Köçəri quşların sayının azalması Azərbaycanda "quş qripi"nin yayılma riskini xeyli aşağı salır

Ötən illə müqayisədə Azərbaycan ərazisində məskunlaşan köçəri quşların sayı 50-60% azalıb. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin başçısı İsmayıl Həsənov məlumat verib.

"Əgər ötən il bu vaxt Bakı ətrafında təxminən 10 min köçəri quş qeydə alınmışdısa, bu gün həmin rəqəm 4-5 min vəhşi quşdan ibarətdir", - deyə o vurğulayıb.

İ.Həsənovun sözlərinə görə, bu fakt Azərbaycan ərazisində "quş qripi" virusunun yayılma riskini xeyli aşağı salır.

"Biz 14 mindən çox quş nümunəsi üzərində monitorinq keçirdik və nəticələr mənfi oldu. Bu gün bu ilin son monitorinqi aparılır, yekunlar isə gələn il açıqlanacaq", - deyə İ.Həsənov qeyd edib.

Bu zaman Dövlət baytarlıq xidmətinin başçısı hesab edir ki, "quş qripi"nin yayılma təhlükəsi yalnız martın sonunda tamamilə aradan qalxacaq.

Monitorinqlər xüsusi komissiya tərəfindən keçirilir. Bura Baytarlıq xidməti ilə yanaşı Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri və Ovçular Cəmiyyətinin mütəxəssisləri daxildir. Monitorinqlər köçəri quşların müvəqqəti yaşama ehtimalı olan yerlərdə - Pirallahı adasında, Abşeron yarımadasında, Dəvəçidə, Salyanda, Ağcabədidə və Lənkəranda, milli parkların ərazisində, Xəzərin sahil zonası boyu aparılır.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyirlər, ölkədə vəhşi quşların ovuna, satışına və istifadəsinə, virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən quşçuluq məhsullarının ölkəyə gətirilməsi və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti