...

Vətəndaş və İnkişaf Partiyasının lideri: "Mövqeləri, maraqları fərqli olan müxalifətçi qüvvələr birləşəndə hakimiyyət onu asan şəkildə idarə edə bilir"

Siyasət Materials 28 Dekabr 2006 13:45 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının lideri: "Mövqeləri, maraqları fərqli olan müxalifətçi qüvvələr birləşəndə hakimiyyət onu asan şəkildə idarə edə bilir"

Trend in "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyevlə müsahibəsi

- Sizin "Azadlıq" blokunun "kölgə kabinetinin" yaradılması barədə təklifiniz nə üçün gündəmdən çıxarıldı?

- Bu təklif bizim partiya tərəfindən iyun ayında irəli sürülmüşdü. Prezident seçkiləri kifayət qədər geniş və ətraflı hazırlıq istəyən siyasi tədbirdir. "Azadlıq" blokunun da mövqeyi bundan ibarət oldu ki, ölkədəki situasiya, seçki şəraiti dəyişməyəcəyi təqdirdə seçkidə iştirak məqsədəuyğun deyil. Bundan başqa seçki komissiyalarının tərkibinin dəyişməsi, mətbuat və sərbəst toplaşmaq azadlığı ilə bağlı tələblərimizdə israrlıyıq. Bizim partiya bu tələblərimizlə bağlı blokdakı müttəfiqlərimizin gətirdiyi arqumentləri əsaslı hesab etdi. Müzakirələrin yekunu kimi blokun mövqeyi belə oldu ki, ölkədə siyasi situasiya dəyişməyənə qədər hər hansı seçkiyə hazırlaşmaq məsələsi də müzakirə edilməsin.

- Sizdən fərqli olaraq, müxalifətin digər hissəsində seçkidə iştirakın tərəfdarı olanlar, hətta iddiasını ortaya qoyanlar da var. Yəni, nəticə etibarilə bu mövqe monolitliyə gətirmirsə, nə dərəcədə effektli olacaq?

- "Azadlıq" blokunu digər qüvvələrdən ayıran cəhət məhz fərqli mövqe nümayiş etdirməsidir. Beynəlxalq qurumların nümayəndələri tərəfindən də real müxalifət bloku adlandırılmağımız heç də təsadüfi deyil. Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri məhz "Azadlıq" blokunu hakimiyyətə alternativ güc mərkəzi kimi qəbul ediblər. Fərqimiz həm də ondadır ki, biz Azərbaycanda kənardan diqtə edilən siyasi oyun şərtlərini dəyişmək iddiasındayıq. Azərbaycanda siyasi mübarizədə şəffaflığın olmasını istəyirik və parlament seçkilərindən sonra imitasion siyasətin dekorasiya elementlərindən biri olmaqdan imtina etmişik. Bu baxımdan bizim mövqeyimiz digər müxalifətçilərdən öz ardıcıllığı və prinsipiallığı ilə fərqləndi. Onu da deyim ki, "Azadlıq" blokunun iştirak etmədiyi heç bir siyasi tədbir legitim sayıla bilməz.

- Ancaq rəsmi olaraq Azərbaycanda və beynəlxalq aləmdə keçirilən siyasi tədbirlər və onun nəticələri tanınır, qəbul olunur. Sizin boykotçu mövqeyiniz real olaraq bu nəticəni dəyişmir.

- Bu, artıq fərqli bir problemdir. Azərbaycanda keçirilən seçkilər nəticəsində formalaşan hakimiyyətin dünyada tanınması artıq ənənə halını alıb. Bu ənənənin dəyişməsi üçün 1 il əvvəl yaradılan "Azadlıq" bloku mübarizə şərtlərini də dəyişmək iddiasındadır. Blok böyük iqtisadi çevrələrin Azərbaycanda öz siyasi maraqlarının güdülməsində iştirak etmək niyyətində deyil. Kimin əsil müxalifət olub-olmamasına gəldikdə, bir faktı deyim, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların müxalifətlə bağlı protokollarına nəzər salsaq, görərik ki, birinci yerdə "Azadlıq" bloku dayanır.

- Bu o deməkdirmi ki, beynəlxalq qurumların, xarici güclərin Azərbaycanda "stavka" etdiyi müxalifət qurumu sizin blokdur?

- Öz fəaliyyətimizi başqa dövlətlərin, xarici çevrələrin bizi seçməsi üzərində qurmuruq. Kimin bizə necə münasibət göstərməsindən asılı olmayaraq, öz mövqelərimizi və prinsiplərimizi müəyyənləşdirmişik. Təəssüf ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda güddüyü maraqlar sırasında demokratiya hələlik ən sonuncudur. Təhlükəsizlik və enerji maraqları demokratiya və insan haqları məsələsini üstələyir. Bu baxımdan "Azadlıq" blokunun tutduğu mövqe məntiqi cəhətdən həmin beynəlxalq çevrələrin maraqlarına uyğun deyil. Yalnız iqtisadi və təhlükəsizlik maraqlarını güdən beynəlxalq dairələr Azərbaycanda sözəbaxan, üzüyola müxalifətin olmasında maraqlıdır. Bizim prinsipial mövqeyimiz isə bir çox hallarda beynəlxalq təşkilatları, iqtisadi dairələri qıcıqlandırır. Ancaq buna baxmayaraq, həmin qüvvələr Azərbaycanda öz maraqları nöqteyi-nəzərindən, xalqın dəstəklədiyi siyasi qüvvəni nəzərə almaya bilmirlər. Böyük təşkilatlara, oturuşmuş dövlətlərə məlumdur ki, seçkilərdə xalqın dəstəyini qazanmış qüvvələri siyasi, iqtisadi, g
eopolitik məsələlərdə nəzərə almamaq başqa dövlətlərin təcrübələrində uğursuzluğa gətirib çıxarıb. Azərbaycanda da belə səhv edilməməsi üçün, onlar üçün nə qədər narahat tərəfdaş olsaq da, bizim mövqeyimizi nəzərə almaya bilmirlər.

- Bir çox xarici ölkələrdə müxalifətin reytinqi çox yüksək, hətta hakimiyyətin reytiqinə bərabər, bəlkə də üstün olur. Bəs nə üçün Azərbaycan müxalifəti beynəlxalq aləmdə yüksək reytinqi ilə seçilmir?

- Mən Azərbaycan müxalifətinin reytinqinə bu cür yanaşılmasının tərəfdarı deyiləm. Azərbaycana böyük dövlətlərin və beynəlxalq qurumların münasibətinin hələlik soyuq olmasından narahatam. Nümunə də göstərə bilərəm, Azərbaycan böyük neft ehtiyatlarına malik olmaqla yanaşı, demokratiya qurmaq iddiasındadır. Dünyada Norveç istisna olmaqla, tam demokratik sistem formalaşdırmış ikinci neft ölkəsi tanımıram. Nəzərə alın ki, müxalifət eyni zamanda transmilli qüvvələrlə də mübarizə aparır. Yəni, Azərbaycanın geosiyasi mövqeyini nəzərə alsaq, görərik ki, ölkəmiz böyük güclərin marqlarının toqquşduğu qovuşaqda yerləşir. Azərbaycan Rusiyanın, İranın, Amerikanın, Avropa Birliyinin maraqlarının toqquşduğu ölkə hesab edilir. Bu cür siyasi, coğrafi, hərbi mövqedə olan Azərbaycanın daxilində transmilli qüvvələrin təsiri obyektiv olaraq nəzərə alınmalıdır. Müxalifət nəinki daxili qüvvələrə, eyni zamanda Azərbaycanın coğrafi mövqeyi ilə bağlı hərbi, siyasi güclərə, iqtisadi maraqlar güdən transmilli şirkətlərə, onların arxasında dayanan ölkələrə qarşı mübarizə aparır. Eyni zamanda Azərbaycan müsəlman dövlət kimi demokratiya qurmaq iddiasındadır. Türkiyənin Avropa Birliyinə üzv olma proseduralarını yada salsaq, Azərbaycan müxalifətinin nə qədər ağır proseslərlə üz-üzə qaldığının, çətin şəraitdə mübarizə aparığının şahidi olarıq.

Hesab edirəm ki, Azərbaycan müxalifətinin əsas problemi əldə etdiyi qələbələri rəsmiləşdirə bilməməsidir. Bunun səbəbi daxili faktorla yanaşı, xarici amillərlə də bağlıdır. 2005-ci il parlament seçkilərindən bəri "Azadlıq" blokunun timsalında xarici qüvvələrə ünvanlanan açıq ritorika mövcudur. Bu ritorika ilə beynəlxalq təşkilatara və böyük dövlətlərə Azərbaycanda açıq siyasət yürütmələri təklif edilir. Əks halda, onların Azərbaycandakı siyasətilərini daim tənqid edəcəyik.

- Seçki komissiyalarında əvvəlki kimi yenə 6 nəfər müxalifətçi təmsil olunacaq. Bu formatda keçirilmiş əvvəlki seçkilərdə müxalifət iştirak edib, bundan sonrakı seçkiləri boykot etmək nəyi dəyişəcək?

- İlin son günlərində MSK-nın müxalifətlə konfliktasiya edilməsi bir daha cəmiyyətdə ruh düşkünlüyü yaradaraq, ölkədə heç nəyin siyasi mübarizə ilə dəyişməyəcəyi fikrini bərqərar edir. Bu, çox ciddi məsələdir. Ancaq mən tam əminliklə deyirəm ki, MSK ilə bağlı bu qərar ötəri və mərhələli qərardır. Məndə olan məlumata görə, Avropa Şurasının Venesiya Komissiyası 2007-ci ildə çox ciddi surətdə Seçki Məcəlləsi ilə bağlı danışıqlarda israr edəcək və mövcud qanunvericilikdə dəyişiklik olunacaq. Paralel olaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı ciddi danışıqlar gedir. Fikrimcə, 2007-ci ildə bu iki qanunla bağlı qanunlar təkmilləşdiriləcək.

- Bu, ehtimal olunan variantdır, əgər dediyiniz baş verməsə, müxalifətin boykot qərarları ona hansı uğurları gətirəcək?

- Seçkilərdə iştirak etməməklə ən azı tarix və dövlətçiliyimiz qarşısında vicdanımız təmiz olacaq ki, biz Azərbaycana kənardan diqtə etdirilən, daxili və xarici çevrələrin ölkəmizin ziyanına təşkil etdiyi tədbirlərdə iştirak etmədik. Bu, bizim çox ciddi xidmətimiz olacaq. Ancaq heç kəs elə düşünməsin ki, Azərbaycan müxalifətinin dünyada səsi eşidilmir, mövqeyi nəzərə alınmır. Sadəcə olaraq bizim üçün ən əsas Azərbaycan xalqının rəyidir.

Mən inanıram ki, şərait dəyişəcək. Ancaq əgər belə qalarsa, o zaman həm beynəlxalq çevrələrin, həm hakimiyyət dəhlizlərində olanların siyasətini faş etmək üçün atdığımız addım başa düşüləcək.

- Müsavat Partiyasının müxalifətçi kimi MSK-da təmsil olunmaqdan imtina etməsi, sizcə, effektli addımdır?

- Müsavat nümayəndələrinin bildirdiyi mövqe bundan ibarət oldu ki, MSK-da daha geniş təmsilçiliklə bağlı hökumətlə məsləhətləşmələr keçiriblər. Ola da bilər ki, bu məsləhətləşmələr danışıq xarakteri daşıyıb. Əgər daha çox yer almadıqlarına görə MSK-da iştirakdan imtina edirlərsə, bu, pisdir. Əgər "Azadlıq" bloku ilə həmrəylik nümayiş etdirərək, seçki komissiyalarındakı vəziyyətin seçkilərə müsbət təsir göstərmədiyini düşünərək imtina edirlərsə, bu, kifayət qədər yaxşıdır. Mən dəqiq deyə bilmərəm ki, bu mövqelərin hansı daha üstündür.

- Yaxın dövrlər üçün "Azadlıq" blokunun Müsavat, AMİP və digər partiyalarla münasibətlərinin bərpa olunacağı ehtimal edilmir. Müxalifət daxilində "soyuq müharibə" nə ilə bağlıdır?

- "Azadlıq" bloku ölkədə ictimai fikrə və siyasi proseslərə təsir göstərə biləcək bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırdır. Hətta o qüvvələr siyasi müstəvidə olmasalar belə. Qeyri-hökumət təşkilatları, media orqanlarının siyasi proseslərə təsir imkanları məlumdur. Biz ümumi maraqlar nöqteyi-nəzərindən onlarla da funksional əməkdaşlığa hazırıq. Siyasi müstəviyə gəldikdə, fikrimizcə, Azərbaycanda bu gün "Azadlıq" blokundan başqa, siyasi proseslərə təsir gücünə malik olan digər qüvvə Müsavat Partiyasıdır. Müsavatla əməkdaşlığa və münasibətlərin normallaşmasına gəldikdə isə bizim blokun bu partiya ilə mövqeyi parlament seçkilərinin nəticələrinə görə haçalanıb. Müsavat hesab edib ki, parlamentin işində və təkrar parlament seçkilərində iştirak Azərbaycanda yaranmış siyasi situasiyadan çıxış yoludur. Lakin son bir il bunun əksini sübut etdi. Bu cür mülayim mövqeyi ilə Müsavat Partiyası nə hökuməti yumşalda bildi, nə təkrar seçkidə əlavə yer ala bildi, nə də öz ideoloji hədəflərinə yetişdi. Biz isə hesab edirik k
i, parlamentin işində iştirak seçkinin nəticələrinin legitimləşdirilməsində hakimiyyətə yardım edib. Azərbaycan müxalifətinin obyektiv mövqeyinin beynəlxalq təşkilatlarda zəiflədilməsinə təkan verib. Təkrar seçkilər heç bir halda parlamentdəki güc nisbətini dəyişmək imkanına malik olmadığından seçkidə iştirakı da lazım bilmirdik. Bizim parlamentə münasibətimiz dəyişməz olaraq qalır, əgər Müsavat Partiyası mövqeyində dəyişiklik edərsə, onunla əməkdaşlığa getmək olar.

- Amma görünən budur ki, təkcə Müsavatla iş bitmir. Müxalifət daxilində sıx əməkdaşlığın, fikir birliyinin olmaması, sizcə, sırf siyasi mövqelərlə bağlıdır?

- Əslində müxalifətin tam olaraq bir araya gəlməsinə ehtiyac da yoxdur. Bu ehtiyac süni şəkildə qabardılır. 2005-ci ildə "Azadlıq" bloku üç partiya tərəfindən təsis edildi və öz prinsipial mövqeyinə görə cəmiyyətdən dəstək qazana bildi. 2003-cü ildə "Bizim Azərbaycan" bloku 30-a yaxın ictimai, siyasi qurumu birləşdirmişdi. Mənim fikrimcə, parlament seçkilərində əldə olunan nəticə prezident seçkilərindəki nəticədən daha üstün idi. Bu baxımdan nəticə və siyasi dividend əldə edilməsi üçün hamının bir yerdə olmasına ehtiyac yoxdur. Mətbuatın müdafiəsi üçün yaradılan Koordinasiya Şurasında aparılan son məsləhətləşmələr də göstərdi ki, bu gün özünü Azərbaycan müxalifətində görən təşkilatların bir yerdə olması üçün real, ideoloji zəmin yoxdur. Bütün partiyaların bir arada olması Azərbaycan xalqının problemlərdən çıxması üçün yeganə yol deyil. Yeganə vasitə birləşə bilənlərin bir yerdə olmasıdır. Xalqla açıq danışmağı bacarmaq lazımdır. Mövqeləri, maraqları fərqli olan, hakimiyyətə münasibətdə müxtəlif məsafələrdə dayanan qüvvələrin süni şəkildə bir araya gətirilməsi hakimiyyətin planlarına xidmət edir. Belə olan halda hakimiyyət müxalifəti asan idarə edə bilir.

- Amma müxalifətin əsas rəqibi olan iqtidar bir partiyadır və vahid qüvvə hesab olunur. Göstərdiyiniz səbəblərdən pərakəndə halda olan müxalifət qarşısındakı vahid qüvvəylə mübarizə apara biləcək?

- Xalqın taleyini seçkilər həll edir, seçicilər də hakimiyyətə münasibətinə görə iki yerə bölünür - hakimiyyətin tərəfdarları və onun dəyişməsini istəyənlər. Prezident seçkilərinə iki il qalmış müddətdə müxalifətin süni şəkildə birləşdirilməsi cəhdləri hadisələrə məqbul yanaşma deyil. Süni şəkildə birlik görüntüsünü yaratmaqla hədəfə çatmaq mümkün deyil. Biz siyasi təşkilatlarla seçiciləri bir-birindən ayırmalıyıq. Azərbaycan cəmiyyətinin çox az hissəsi siyasi partiyalarda təmsil olunur. Bizim məqsədimiz siyasi partiyalarda birləşmiş insanlar deyil, hakimiyyətə münasibətinə görə qütblərə bölünmüş Azərbaycan seçiciləri uğrunda mübarizə aparmaqdır. Azərbaycanda kim daha prinsipial mübarizə aparacaqsa, seçiciləri də öz arxasınca o aparacaq. Seçkiqabağı dövrdə ittifaqlara getmək daha məqbuldur. Bizim prinsipimiz budur ki, birləşə bilənlər ittifaqlarda olmalıdır. Siyasət maraqlar üzərində qurulur, seçki dövründə kim öndə olacaqsa, ona dəstək verə bilərik. Amma hesab edirik ki, siyasi mübarizədə "Azadlıq" bloku qəd
ər öndə olan ikinci qüvvə yoxdur. Cəmiyyəti inandırmalıyıq ki, iqtidara qarşı real mübarizə aparan qüvvə bizik.

- Bu fikirlərinizdən həm də belə başa düşülür ki, sizin blok müxalifət üzərində hegemonluğa iddia edir.

- Biz birinci olmağa iddialıyıq. Bütün yarışma üsulları ilə mübarizə aparanların məqsədi birinci olmaqdır. Biz tək müxalifətdə deyil, Azərbaycan siyasətində birinci olmağa iddialyıq. Bu, kifayət qədlər normal haldır, əgər fəaliyyət göstəririksə, deməli, bu barədə düşünməliyik. Əlbəttə ki, əvvəlki səhvlərimizi analiz edərək addımlar atmalıyıq.

- Siz bir müdət əvvəl prezident seçkilərinə vahid namizəd məsələsini gündəmə gətirəndə özünüzün iddialı olmadığınızı bəyan etdiniz. Ümumiyyətlə, irimiqyaslı siyasi proseslərdə nə üçün liderliyə iddialı deyilsiniz?

- Əvvəla, heç bir iddiası olmayan siyasətçi gərək siyasətlə məşğul olmasın. Sadəcə olaraq bu bəyanatı verərkən o vaxtkı prosesləri belə dəyərləndirdm ki, iddialar imkan daxilində olmalıdır. Nəzərə alın ki, o zaman biz ağır bir prosesdən çıxmışdıq, AMİP-dən ayrılmanın problemləri içərisindəydik. Bu proseslərdə "Azadlıq" blokunun bizə çox böyük mənəvi dəstəyi olub və hesab edirəm ki, bu səmimi münasibətləri qoruyub saxlamaq vacibdir. Biz vahid lider məsələsinin müzakirələrini növbəti mərhələyə saxlamışıq. Gələcək müzakirələrdə həmin dövrdəki şərait, partiyamızın hüquqi statusu, maddi imkanları, kadr potensialı, bazası və digər imkanları və ölkədəki durum nəzərə alınacaq. Ancaq mənim mövqeyim dəyişməz olaraq qalır - iddia real imkanlara əsaslanmalıdır. Digər liderlərə gəlikdə, hesab edirəm ki, "Azadlıq" bloku daxilində daha şanslı namizədlər var.

Xəbər lenti

Xəbər lenti