...

Azərbaycanın Müdafiə Nazirliyi: Hərbi xidmətdən möhlət hüququ olanlara çağırış vərəqəsi göndərilməsi hazırlıq məqsədi daşıyır

Siyasət Materials 9 Yanvar 2007 12:24 (UTC +04:00)

Yanvarın 1-dən başlanan hərbi xidmətə çağırış zamanı hərbi xidmətdən möhlət hüququ olanlara çağırış vərəqəsi göndərilməsi hazırlıq məqsədi daşıyır. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

İ.Verdiyev bildirib ki, hərbi xidmətdən möhlət hüquqlarının ləğv olunması ilə bağlı qanun Prezident İlham Əliyevə təqdim edilib, lakin Prezident qanunu hələlik imzalamayıb. Buna baxmayaraq, hərbi xidmətdən möhlət hüququ olanlara hərbi komissarlıqlar tərəfindən çağırış vərəqəsi göndərilir. Bu isə hazırlıq xarakteri daşıyır.

Əgər Prezident hərdi xidmətdən möhlət hüquqlarının ləğv edilməsi barədə Fərman imzalayarsa, o zaman artıq hərbi xidmətdən möhlət hüququ olanların hərbi xidmətə çağırışı asanlaşacaq. Əgər belə bir Fərman imzalanmazsa, hərbi xidmətdən möhlət hüququ olanlara hazırda göndərilən çağırış vərəqələri də qüvvədə olmayacaq.

Hərbi komissarlıqlarda yaranmış hazırkı qeyri-müəyyənliyi Prezidentin imzalayacağı ehtimal olunan Fərman aradan qaldıracaq.

Qeyd edək ki, Milli Məclisin dekabrın 22-də keçirilən iclasında "Hərbi qulluqçuların hərbi xidmət keçməsi haqqında qanun"a dəyişikliklər edilib. Həmin dəyişikliklər magistraturaya və aspiranturaya sənəd verənlərin, 2-ci qrup əlillərin himayəsində olan və himayəsində 2-ci qrup əlillər olan şəxslərin hərbi xidmətdən azad olunması ilə bağlı güzəşti ləğv edir, orduya çağırış müddətini 20 gündən 30 günə qədər artırır. Qanuna dəyişikliklər imzalanması üçün Prezidentə təqdim edilib. Dövlət başçısı hələlik qanunu imzalamayıb. Buna baxmayaraq hərbi xidmətdən möhləti olan şəxslərə artıq çağırış vərəqəsi göndərilməyə başlanıb.

Xəbər lenti

Xəbər lenti