...

Azərbaycanın BMT-dəki səfiri: GUAM-ın dondurulmuş münaqişələr haqqında qətnamə layihəsi yaxın vaxtda BMT-də yayılacaq

Siyasət Materials 10 Yanvar 2007 15:43 (UTC +04:00)
Azərbaycanın BMT-dəki səfiri: GUAM-ın dondurulmuş münaqişələr haqqında qətnamə layihəsi yaxın vaxtda BMT-də yayılacaq

Trend in Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Aqşin Mehdiyevlə eksklüziv müsahibəsi

- Artıq bir neçə gündür ki, biz yeni - 2007-ci ildə yaşayırıq. Sizin fikrinizcə, bu il BMT üçün hansı diqqətəlayiq və xüsusi hadisələr baş verə bilər? Sizin təyinatınızdan bir neçə ay keçib, yəqin ki, sizdə artıq müəyyən proqram var və fəaliyyətinizi həmin proqrama əsasən, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığının gələcək inkişafı ilə bağlı planlaşdırırsınız.

- Hər il özünə görə xüsusi və təkrarolunmazdır... Əgər yeni, 2007-ci ildən danışsaq, o zaman tamamilə aydındır ki, bu il BMT-nin tarixinə qeyri-adi, yaddaqalan il kimi daxil olacaq. Bunun üçün bir sıra səbəblər var. Əvvəlcə yanvarın 1-də BMT-yə yeni Baş katib Pan Gi Munun seçilməsini qeyd edək. Tamamilə aydındır ki, bu təyinatla əlaqədar müəyyən kadr və inzibati dəyişiklər gözləmək olar. Mən güman edirəm ki, yeni baş katib müəyyən islahatlar da həyata keçirəcək, həm də indi BMT-nin dəyişdirilmə zərurəti haqqında fəal müzakirələr aparılır.

Növbəti məqam - Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin rotasiyasıdır. Məlum olduğu kimi, 2007-ci ilin yanvar ayından BMT TŞ-nin tərkibində dəyişikliklər baş verdi və Belçika, İndoneziya, İtaliya, Panama və Cənubi Afrika onun daimi olmayan üzvləri oldu. Bu ölkələrdən hər birinin öz maraqları və spesifik xüsusiyyətləri var və şübhəsiz, onların TŞ-dəki fəaliyyəti müəyyən mənada bu maraqların əksi olacaq. Misal kimi göstərmək olar ki, bundan sonra TŞ-də Bloklara Qoşulmamaq Hərəkatının üzv -ölkələrinin sayı 4-dən 7-yə qədər artıb, başqa sözlə desək, bu, zərurət yarandığı halda, TŞ-nin qərarını blokadaya almaq üçün kifayət olur.

Başqa, daha maraqlı misal kimi ən böyük müsəlman ölkəsi İndoneziyanı göstərmək olar. Onun fəaliyyəti, şübhəsiz, bu dövlətlər qrupunun maraqlarını müəyyən mənada əks etdirəcək və s. Deyilənlərə əlavə olaraq demək lazımdır ki, BMT-nin həm Baş Assambleyasının, həm də TŞ-nin gündəliyində Yaxın Şərqdəki vəziyyət, İranın və Şimali Koreyanın nüvə proqramları ilə bağlı vəziyyət, Somali və Afrikada digər böhranlı vəziyyətlər və s. kimi çoxlu sayda kəskin məsələlər var.

Azərbaycana və bizim BMT-dəki fəaliyyətimizə gəlincə, təbii ki, hər şeydən əvvəl, biz öz işimizdə yuxarıda sadalanan dəyişiklikləri nəzərə alacaq, onlardan öz maraqlarımız üçün istifadə etməyə çalışacağıq. İndi biz Baş Assambleyanın Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət üzrə qətnaməsinə uyğun olaraq hazırlanmış ATƏT-in məruzəsinin BMT-də yayılacağını gözləyirik. Bundan sonra, biz bu məruzədən irəli gələn əməli tövsiyyələrin reallaşıdırılması üzərində işləməyə başlayacağıq.

Növbəti məsələ - GUAM-a təklif olunmuş gündəliyin bəndi ilə bağlı qətnamə üzərində işdir. Qətnamə layihəsi yaxın vaxtlarda BMT-də yayılacaq və onun razılaşdırılması üzrə fəal məsləhətləşmələr başlayacaq. Hadisələrin necə inkişaf etməsindən asılı olaraq, biz (GUAM ölkələri) bu məsələnin konkret olaraq nə vaxt müzakirəyə çıxarılacağı barədə qərar qəbul edəcəyik. Lakin heç nədən asılı olmayaraq, məsələ BMT BA-nın gündəliyində qalır.

Üzərində işlədiyimiz bir çox başqa məsələlər də var. Bu, Azərbaycanın UNDP və BMT-nin digər bölmələri ilə əməkdaşlığı çərçivəsində müxtəlif proqramlar, burada, Nyu-Yorkda və başqa yerlərdə BMT-nin çoxsaylı tədbirlərində iştirak və b. məsələlərdən ibarətdir. O cümlədən, yanvarın sonunda Nyu-Yorkda Azərbaycanda qadınların hüququnun pozulmasına müqavimətlə bağlı vəziyyət üzrə birləşdirilmiş məruzənin 2 və 3-cü bəndlərinin müzakirəsi nəzərdə tutulub. Ehtimal olunur ki, bu tədbirlərə Bakıdan nümayəndə heyəti gələcək. Fevral ayında Kaliforniyada informasiya texnologiyaları üzrə mühüm konfrans keçiriləcək və orada da bizim nümayəndə heyətimizin yüksək səviyyəli iştirakı planlaşdırılır və s. Bütün tədbirləri saymaq mümkün deyil. Ona görə də, gördüyünüz kimi, iş çoxdur, ilin dolğun olacağı gözlənilir, lakin biz ümid edirik ki, qarşımıza qoyduğumuz bütün vəzifələrin öhdəsindən gələcəyik.

- Siz Azərbaycan və BMT arasında əməkdaşlıq üzrə proqramı xatırlatdınız. Əgər mümkünsə, bu barədə ətraflı şəkildə danışardınız. Məhz hansı proqramlar nəzərdə tutulub və onlar hansı sahələrə aid olacaq?

- Kifayət qədər çox proqram var və ona görə də onların hamısını sadalamaq çətin ki, məqsədəuyğun olsun. Əməkdaşlıq üzrə müxtəlif proqramlar UNDP (BMT-nin İnkişaf proqramı), UNHCR (Qaçqınların işi üzrə Ali komissar), UNİCEF (BMT-nin Uşaq fondu) və BMT-nin digər bölmələri ilə birgə həyata keçirilir. Misal kimi deyə bilərəm ki, yalnız UNDP xətti üzrə 2007-ci ildə artıq təsdiq olunmuş və nəzərdə tutulan proqramların ümumi həcmi təxminən 10 mln. dollar təşkil edir. Düşünürəm ki, yalnız bu rəqəm bizim BMT ilə əməkdaşlığımızın ümumi miqyaslarını göstərməyə imkan verir.

- Hər halda, GUAM ölkələri BMT BA sessiyasında dondurulmuş münaqişələr haqqında məsələni nə vaxt qaldırmağı düşünürlər?

- Mən sizin bu sualınıza birmənalı şəkildə cavab verə bilmərəm, belə ki, bu barədə qərar hadisələrin necə inkişaf edəcəyindən, BMT-nin digər üzv-ölkələri ilə məsləhətləşmələrin necə keçəcəyindən asılı olaraq qəbul olunacaq. Məsələ yalnız o zaman müzakirəyə çıxarılacaq ki, biz bu müzakirələrin nəticələrinin bizə lazım olduğu kimi olması üçün bütün zəruri şəraitlərin yaradıldığından əmin olaq.

- Erməni tərəfi buna hansısa yolla müqavimət göstərməyə çalışırmı?

- Mənim bildiyimə görə, kifayət qədər fəal. Əvvəldən Ermənistanın nümayəndə heyəti başqa nümayəndə heyətləri ilə birgə GUAM ərazisində uzun sürən münaqişələr haqqında məsələnin Baş Assambleyanın 61-ci sessiyasının gündəliyinə çıxarılmasına qarşı idi və müvafiq olaraq onun əleyhinə səs verirdi. İndi, məsələ gündəliyə daxil edildikdən sonra, bizdə olan məlumata görə, ermənilər gələcək müzakirələrə təsir göstərmək üçün diaspora da daxil olmaqla, əllərində olan bütün imkanlardan istifadə etməyə çalışırlar. Yerli erməni təşkilatları bu və ya digər şəkildə bu məsələdə onlar üçün faydalı ola biləcək şəxslərə təsir göstərməyə çalışırlar.

- GUAM ərazisində dondurulmuş münaqişələr haqqında məsələnin daxil edilməsinin əleyhinə səs verən BMT yanında Rusiya nümayəndəliyi qondarma rejimlərin birgə Memorandumunu yayıb və orada söhbət onların danışıqlarda iştirak etməsinin əhəmiyyətindən gedir. BMT-də bu müraciətə necə reaksiya verildi?

- Heç bir... Bütün adıçəkilən ərazilər Gürcüstan və Moldovanın əraziləridir və bununla əlaqədar onların hansısa "memorandum"ları və ya digər bu cür müraciətləri burada sadəcə olaraq ciddi qəbul edilmir və onlara reaksiya vermirlər... Bu sənədi tamamilə yad dövlətin rəsmi nümayəndəliyinin yayması faktı isə, düşünürəm ki, özü hər şeyi izah edir və heç bir şərhə ehtiyac yoxdur.

Xəbər lenti

Xəbər lenti