...

Sərdar Cəlaloğlu: "Rəsul Quliyevin məktubunu mətbuatda mən dərc etdirmişəm"

Siyasət Materials 5 Mart 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Rəsul Quliyevin "Azadlıq" bloku Sədrlər Şurasının üzvlərinə göndərdiyi məktubu mətbuatda Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu çap etdirib. Sərdar Cəlaloğlu deyib ki, R.Quliyevin məktubunun mətbuatda dərc olunması normal haldır: "Çünki bu şəxsi deyil, bir siyasətçinin "Azaldıq" blokunun rəhbərliyinə yazdığı məktubdur."

Onun sözlərinə görə, R.Quliyev öz məktubunda "Azadlıq" blokuna 2 həftə vaxt verdiyini yazıb və qeyd edib ki, bu müddətdə ADP ilə bağlı yeni qərar qəbul edilməsə, "Azadlıq" blokunu tərk edəcək.

"Məndən soruşanda dedim ki, məktubu dərc edin, cəmiyyət görsün ki, Rəsul Quliyev blokdan nə istəyir. Nəyə görə cəmiyyəti iki həftə gözlətməliyik. Eyni zamanda bundan istifadə edərək "Azadlıq" blokunun rəhbərliyini təzyiq altında saxlamaq istəyirdilər. Məktubun çox hissəsi mənə həsr olunmuşdu və məni müxtəlif məsələlərdə ittiham edirdi. Buna baxmayaraq Rəsul Quliyevin məktubunun "Hürriyyət" qəzetində çap olunmasına razılıq verdim", -deyə S.Cəlaloğlu bildirib.

O deyib ki, R.Quliyevin tərəfdarları da həmin məktubu iki həftədən sonra mətbuatda dərc etmək istəyirmişlər və "Hürriyyət"də işıq üzü görəndən sonra onu "Bakı xəbər", "Ayna-Zerkilo"da çap etdiriblər.

S.Cəlaloğlu vurğulayıb ki, R.Quliyevin tərəfdarları indi də məktubun dərc olunmasından istifadə edərək "Azadlıq" blokunun rəhbərliyinə təzyiq etmək istəyirlər: "Lakin belə cəhdlərin heç bir nəticəsi olmayacaq."

"Azadlıq" bloku Sədrlər Şurasının üzvləri Lalə Şövkət və Əli Kərimli isə bu məktubun mətbuata ötürülməsini siyasi etikadan kənar hal kimi qiymətləndiriblər.

S.Cəlaloğlu deyib ki, məktubun böyük bir hissəsi özünə aid olduğuna görə onun

hərəkətlərində qeyri-etik bir hal yoxdur: "Əksinə, mən imkan vermədim ki, reytinqimə ziyan dəyəcək deyə "Azadlıq" bloku məktubu mətbuatda dərc etməsin. Onlar da bundan istifadə edib blorkun rəhbərliyini iki həftə təzyiq altında saxlasınlar və ya şantaj etsinlər."

Xəbər lenti

Xəbər lenti