...

unıcef-in regional direktoru Azərbaycana səfər edəcək

Siyasət Materials 9 Mart 2007 13:24 (UTC +04:00)

Azərbacyan,Bakı/müxbir Trend S.Ağayeva/Səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə edilmiş nəticələr UNICEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Maria Kalivisin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzusu olacaq. Üç günlük səfər martın 11-də başlayacaq. Bu barədə təşkilatın Bakı ofisindən məlumat verilib.

Səfər zamanı xanım Kalivisin yüksək rütbəli hökumət rəsmiləri, o cümlədən baş nazirin müavini, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, təhsil, gənclər və idman, iqtisadi inkişaf nazirləri, habelə Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, parlamentin spikeri, parlamentin sosial siyasət, insan hüquqları və beynəlxalq əlaqələr daimi komissiyalarının sədrləri, beynəlxalq təşkilatların və BMT-nin nümayəndələri ilə görüşəcəyi gözlənilir.

Görüşlərdə xanım Kalivis uşaqların müdafiəsi ilə bağlı ümumi məsələləri və Minilliyin İnkişaf Məqsədlərinə nail olmağın zəruriliyini müzakirə edəcək.

UNICEF-in regional direktoru Bakının Dərnəgül qəsəbəsində məskunlaşmış məcburi köçkünlərə baş çəkərək, orada yaşayan uşaqların vəziyyəti ilə də tanış olacaq.

Xanım Maria Kalivis İtaliya vətəndaşıdır. O, 2004-cü ilin fevralında UNICEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru vəzifəsinə seçilib. Ondan əvvəl isə xanım Kalivis UNICEF-in Hindistan və Tunisdəki nümayəndəliyinin rəhbəri olub.

Xəbər lenti

Xəbər lenti