...

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq

Siyasət Materials 28 Mart 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları daimi komissiyalarının martın 28-də keçirilən birgə iclasında "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanun layihəsi müzakirə olunub. Parlamentin İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib ki, adıçəkilən qanun layihəsi Konstitusiyanın 96-cı maddəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini tənzimləməyi nəzərdə tutan qanun layihəsi 8 maddədən ibarətdir.

Komissiya sədri vurğulayıb ki, adıçəkilən cəmiyyət böyük ənənələri olan və real fəaliyyətlə məşğul olan təşkilatlardandır.

"Azərbaycan Qızıl Aypara Cəmiyyəti 7 regional mərkəzi və 150 min insanı birləşdirir. Ona görə də bu cəmiyyətin inkişaf etməsi üçün belə bir qanunun qəbul olunması vacibdir. Dövlət də bu cəmiyyətə yardım etməlidir", -deyə R.Aslanova əlavə edib.

Qanun layihəsinin mahiyyəti haqqında məlumat verən hüquqşunas Lətif Hüseynov bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti qeyri-hökumət təşkilatıdır. QHT-lər haqqında qanun olsa da, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" ayrıca qanun layihəsi hazırlanıb. Bu da adıçəkilən təşkilatın cəmiyətdə xüsusi çəkiyə malik olmasından irəli gəlir. L.Hüseynov qeyd edib ki, Qızıl Aypara Cəmiyyəti fəaliyyəti ilə özünü döğruldub.

Millət vəkili İlyas İsmayılov isə bildirib ki, qanunda cəmiyyətin hüquqları göstərilsə də, vəzifələri əks olunmayıb. Təşkilatın vəzifələrinin də qanunda göstərilməsi vacibdir.

Deputat Rafael Cəbrayılov isə qanunun dilinin Azərbaycan dilinin qrammatik qaydalarına uyğun gəlmədiyini bildirib. Belə ki, bir çox məsələlər aydın şəkildə ifadə olunmayıb.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması və birinci oxunuşdan sonra layihənin ciddi şəkildə təkmilləşdirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti