...

YAP icra katibi: "Azərbaycan və Gürcüstan GUAM çərçivəsində əməkdaşlığı gücləndirməlidir"

Siyasət Materials 11 May 2007 16:20 (UTC +04:00)
YAP icra katibi: "Azərbaycan və Gürcüstan GUAM çərçivəsində əməkdaşlığı gücləndirməlidir"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan və Gürcüstan GUAM çərçivəsində əməkdaşlığı gücləndirməlidir. Bu barədə cümə günü Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, deputat Əli Əhmədov Gürcüstan parlamentinin 20 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşündə bildirib. Gürcüstanlı deputatlar Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya gəliblər.Əhmədov Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi xidmətlər barədə qonaqlara məlumat verib. Qeyd edib ki, Gürcüstanla Azərbaycan qonşu olmaqla yanaşı, dost ölkələrdir: "Bu iki dövlət arasında iqtisadi, siyasi əlaqələr yüksək səviyyədədir. O cümlədən Gürcüstanla Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində uğurla əməkdaşlıq edirlər".

YAP rəsmisi vurğulayıb ki, ölkələr arasında əlaqələrin yüksək səviyyədə olmasında Gürcüstan prezidenti Mixail Saakaşvilinin və Azərbaycan prezidenti İlham Əliyevin şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Görüşdə YAP-ın sədr müavini qonaqlara Azərbaycanda gedən iqtisadi proseslər barədə məlumat verməklə yanaşı, qeyd edib ki, Azərbaycan və Gürcüstanın oxşar problemləri var. Bu problem hər iki ölkənin separatizmdən əziyyət çəkməsidir. Onun sözlərinə görə, hər iki dövlət öz ərazilərində olan münaqişələrin həlli istiqamətində GUAM çərçivəsində uğurla əməkdaşlıq edir. Bu əməkdaşlıq daha da gücləndirilməlidir.Gürcüstan nümayəndə heyətinin üzvləri Azərbaycanın problemlərinin öz problemləri olduğunu qeyd ediblər.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti