...

Millət vəkili: "Müxalifət partiyalarına dövlət tərəfindən dəstək verilməsini nəzərdə tutan qanun layihəsinin qəbulu vacibdir"

Siyasət Materials 23 Avqust 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda müxalifət partiyalarına dövlət tərəfindən dəstək verilməsini nəzərdə tutan qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə olunmaq üçün sentyabr ayında parlamentə təqdim olunacaq. Bu barədə cümə axşamı Bakıda Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib.

"Bu qanun parlamentdə təmsil olunan müxalifət partiyalarnın fəaliyyətini tənzimləməyi nəzərdə tutur və çox ciddi bir qanundur" - deyə millət vəkili bildirib.

"Müxalifətin fəaliyyətinin siyasi təminatları haqqında" qanun layihəsini parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupu hazırlayıb.

Deputat hesab edir ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının fəaliyyəti üçün hüquqi təminatların yaradılması vacib məsələdir.

Hüseyn vurğulayıb ki, son bir necə ildə Avropa ölkələrində "Müxalifətin fəaliyyətinin siyasi təminatları haqqında" qanun layihəsi qəbul olunub. Onun fikrincə, "Müxalifətin fəaliyyətinin siyasi təminatları haqqında" qanun layihəsi qəbul olunmadan "Siyasi partiyalar haqqında" qanunu tam olaraq həyata keçirmək olmur.

Qanun layihəsi parlamentdə müxalifəti təmsil edən partiyalara dövlət tərəfindən maliyyələşdirilən mətbuat orqanlarında öz mövqelərini çatdırmaq üçün şəraitin yaradılması, müxalifətdən olan deputatların parlamentin rəhbərliyində təmsil olunması, müxalifətçi deputatlara sənədlər hazırlamaq üçün şəraitin yaradılması və digər məsələləri nəzərdə tutur.

Müxalifəti təmsil edən sağ-mərkəzçi Müsavat Partiyasının parlamentdəki deputat qrupunun beş üzvü var.

Xəbər lenti

Xəbər lenti