...

AMİP məmurların gəlir bəyannamələri haqqında qanun qəbul olunmasını təklif edir

Siyasət Materials 3 Sentyabr 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ölkədə rüşvətxorluq və korrupsiya problemlərinə qarşı dövlət səviyyəsində aparılan mübarizəyə siyasi partiyaların da cəlb olunmasını təklif edir. Bu barədə bazar ertəsi Trend ə AMİP-in mətbuat və təbliğat məsələləri üzrə sədr müavini Əli Orucov məlumat verib.

O bildirib ki, AMİP rüşvət və korrupsiyaya qarşı mübarizəyə dair təkliflər layihəsi hazırlayır. Hazırda sənəd üzərində iş aparılır və başa çatdırıldıqdan sonra müxalifət partiyalarının məşvərət toplantısında müzakirəyə təqdim ediləcək.

Bir neçə müxalifət partiyasının (AMİP, ADP, ASDP, Müsavat, Tərəqqi partiyaları) məşvərət qurumunun toplantısı isə sentyabrın ortalarında keçiriləcək.

AMİP-in hazırladığı layihədə ayrı-ayrı sahələrdə mövcud olan korrupsiya halları, onun səbəbləri, nəticələri, həmçinin problemdən çıxış yolları göstərilir.

Orucovun sözlərinə görə, AMİP dövlət strukturlarında mövcud olan korrupsiyaya qarşı mübarizədə siyasi partiyaların da iştirak etməsini, bunun üçün Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə Komissiyasında müxalifət nümayəndələrinin də təmsil olunmasını təklif edir. Həmçinin təklif olunur ki, məmurlar üzərində ictimai nəzarət gücləndirilməli, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun sərtləşdirilməlidir. Digər mühüm təkliflərdən biri təcili surətdə məmurların gəlir bəyannamələri haqqında qanunun qəbul olunmasıdır.

"İnkişaf etmiş ölkələrdə hətta dövlət başçıları öz gəlirlərinə dair illik hesabat verirlər. Biz təklif edirik ki, Azərbaycanda da hər bir məmur özünün gəliri barədə cəmiyyətə hesabat versin. Həmçinin bütün dövlət müəssisələrinin gəlirləri və xərcləri barədə mütəmadi açıqlamalar verilməlidir" - deyə Orucov qeyd edib.

Azərbaycanda 13 yanvar 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub, 1 yanvar 2005-ci ildə qüvvəyə minib.

AMİP funksioneri bildirib ki, həmin qanun demək olar ki, işləmir, çünki rüşvət və korrupsiyaya görə bu günədək heç bir yüksək rütbəli məmur cəzalandırılmayıb. Onun fikrincə, əksinə, bəzən bu qanundan siyasi məqsədlər üçün istifadə olunur: "Əgər keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov korrupsiyada ittiham olunaraq həbs edilibsə, onda gərək ölkədə məmurların 90 faizi həbs olunsun".

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti