...

Hüquq müdafiəçisi: Yetkinlik yaşına çatmayan məhkumlarla bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var

Cəmiyyət Materials 12 Sentyabr 2007 12:13 (UTC +04:00)
Hüquq müdafiəçisi: Yetkinlik yaşına çatmayan məhkumlarla bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Yetkinlik yaşına çatmayan məhkumlarla bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac var. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə günü Trend ə bildirib ki, cinayət törətdiyi üçün məhkum olunmuş uşaqların 18 yaşına çatandan sonra tərbiyə müəssisəsindən böyüklər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsinə köçürülməsi onların tərbiyə və islahına mənfi təsir göstərir.

Komitə sədri Ədliyyə Nazirliyinə, Milli Məclisə, bu sahədə qanunvericiliyə dəyişiklik olunması ilə bağlı, müraciət edəcəyini bildirib.

Behbudov uşaqlar üçün tərbiyə müəssisəsinin nəzdində yeni cəzaçəkmə müəssisəsinin tikilməsini təklif edir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bu məsələ ilə bağlı Penitensiar Xidmətdə müzakirələrin aparıldığını vurğulayıb. Sadıqov bildirib ki, uşaqların sonradan böyüklər üçün nəzərdə tutulan müəssisəyə köçürülməsi onların tərbiyəsinə mənfi təsir göstərir: "Tərbiyə Müəssisəsindəki ab-hava cəzaçəkmə müəssisəsindəkindən tamamilə fərqlidir".

Penitensiar Xidmət Tərbiyə Məüəssisəsinin rəisi İmran Məmmədov Trend ə müsahibəsində bildirib ki, müəssisədə tərbiyə olunan uşaqların 18 yaşına çatandan sonra böyüklərin cəzaçəkmə müəssisəsinə köçürülməsi onlarda stress, qorxu yaradır: "Onlar cinayətkar aləm tərəfindən necə qarşılanacağından qorxurlar".

Rəis qeyd edir ki, uşaqların həmin müəssisələrə köçürülməsi tərbiyə prosesini də yarımçıq qoyur: "Bizim apardığımız tərbiyə prosesinin sonradan heç bir səğərəsi olmur. Həmçinin, buradakı şəraitlə digər cəzaçəkmə müəssisələrindəki şərait də eyni deyil. Bu müəssisədə uşaqlara kompüter dərsləri və digər fənlər tədris olunur".

Məmmədov hesab edir ki, gələcəkdə Tərbiyə Müəssisəsinin nəzdində 2 rejimli müəssisə yaradılarsa, bu, respublikada cinayətlərin sayının azalmasına müsbət təsir göstərəcək: "Son 2il 6 ay ərzində bizim müəssisədən digər cəzaçəkmə müıssisəsinə köçürülən uşaqlar əvvəlkilərdən tamamilə fərqlənirlər. Onlar tərbiyə və islah olunurlar. Bir rejim 20 yaşadək uşaqlar üçün, ikinci rejim isə, 20 yaşdan yuxarılar üçün cəzasının sonunadək nəzərdə tutula bilər. "

Rəis uşaqlar üçün istintaq təcridxanasının da Tərbiyə Müəssisəsinin tərkibində yerləşməsini vacib sayır.

Rəisin sözlərinə görə, il ərzində orta hesabla, tərbiyə müəssisəsindən 50-60 uşaq böyüklər üçün cəzaçəkmə müəssisələrinə köçürülürlər. Həmçinin, bu qədər də uşaq, cinayət törətdikləri üçün, tərbiyə müəssisəsinə göndərilir.

Müəssisədə yetkinlik yaşına çatmamış 56 şəxs tərbiyə olunur. Onlar daha çox oğurluq, qəsdən adam öldürmə, seksual xarakterli cinayətlərə görə məhkum olunanlardır.

Əksər hallarda, problemli ailələrdən olan bu uşaqların 30-32 faizi Bakıda yaşayanlar, digər hissəsi isə respublikanın ayrı-ayrı rayonlarından olanlardır.

Xəbər lenti

Xəbər lenti