...

Sabiq millət vəkili Avropa Məhkəməsinə müraciət edəcək

Cəmiyyət Materials 1 Noyabr 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Sabiq millət vəkili Hüseyn Abdullayev Avropa Məhkəməsinə müraciət edəcək. Abdullayevin vəkili Cavanşir Süleymanov cümə axşamı Trend ə bildirib ki, Ali Məhkəmədə noyabrın 27-də sabiq millət vəkilinin kassasiya şikayətinə baxılacaq. "Əgər şikayət təmin olunmazsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq" - deyə vəkil bildirib.

Millət vəkili Fəzail Ağamalıya qarşı xuliqanlıqda ittiham olunan Abdullayev mayın 18-də Bakının Səbail rayon məhkəməsinin hökmü ilə 2 il şərti iş alaraq məhkəmə zalından azad edilib. Səbail rayon məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayəti də təmin olunmayıb.

Abdullayev barəsində Respublika Prokurorluğunda Cinayət Məcəlləsinin döymə və xuliqanlıq maddələri ilə cinayət işi açılsa da, istintaqın yekununda döymə maddəsi ilə işə xitam verilib. Millət vəkilinə Cinayət Məcəlləsinin xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddələri ilə ittiham elan olunub.

Milli Məclisdə martın 16-da millət vəkili Ağamalı ilə Abdullayev arasında yaranmış insident əlbəyaxa dava ilə nəticələnib. Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və o, həmin gün məhkəmənin qərarı ilə həbs edilib.

Vəkili bildirib ki, Abdullayev hazırda Almaniyadadır. Vəkilin sözlərinə görə, sabiq millət vəkili əməliyyatdan sonra müayinə olunmaq üçün Almaniyaya gedib.

Abdullayevin onurğa sütununda disk yırtığı olub. Məhkəmənin hökmündən sonra, ötən ay Abdullayev Almaniyada onurğa sütunundan əməliyyat olunub.

Xəbər lenti

Xəbər lenti