...

Bir qrup KİV nümayəndəsi Qobustan həbsxanasında monitorinq keçirib

Cəmiyyət Materials 6 Noyabr 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Qobustan həbsxanası ilə bağlı son günlər mətbuatda yayılan məlumatları yerində araşdırmaq üçün bir qrup jurnalist ədliyyə nazirliyi yanında İctimai Komitənin təşkilatçılığı ilə, həbsxanada monitorinq keçirib. Jurnalistlər məhkumların saxlanma şəraiti, qidalanması, tibbi müayinəsinin vəziyəti ilə tanış olub, məhkumlarla görüşüblər. Monitorinqdə İctimai Komitənin koordinatoru Sahib Məmmədov və Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov da iştirak ediblər.

Həbsxanadakı rejim barədə jurnalistlərə məlumat verən rəis Kazım Abdullayev bildirib ki, Qobustan həbsxanasında ömürlük azadlıqdan məhrum edilmişlər, məhkəmənin hökmü ilə cəzasının müəyyən hissəsini həbsxana rejimində çəkməli olan məhkumlar, digər müəssisələrdə cəza çəkərkən daxili rejim qaydalarını pozduğu üçün həbsxanaya göndərilən və ağır cinayət törətdiyi üçün müəyyən müddətə azadlıqdan məhrum edilmiş məhkumlar saxlanılırlar.

Ömürlük azadlıqdan məhrum olunmuşlar, digər məhkumlardan fərqli olaraq, təkadamlıq və ikinəfərlik kameralarda saxlanılırlar.

Abdullayev son vaxtlar məhkumların dərmanlarla təmin olunmaması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Bildirib ki, digər müəssisələrdə rejim qaydalarını pozduğu üçün həbsxanaya gətirilən məhkumlar arasılnda narkomaniyaya meyl var: "Ola bilsin ki, əvvəlki rəhbərlik dövründə belə məhkumların müalicəsi zamanı psixotrop dərmanlar verilirdi. Mən həkim icazəsi olmadan psixotrop tərkibli dərmanların içəri ötürülməsinə qadağa qoymuşam. Məhkumların narazılığı da bu məsələdəndir".

Rəis ömürlük azadlıqdan məhrum edilmiş məhkumların psixoloji durumunda müəyyən problemlərin olduğunu bildirib və bunu onların saxlanma rejimi ilə əlaqələndirib. "Törətdiyi cinyətin ictimai təhlükəlilik dərəcəsinə görə, məhkumların təkadamlıq kamerada saxlanması müəyyən olunur. Tək saxlanma isə. müəyyən psixi gərginlik yaradır. Belə şəxslər hücuma, girov götürməyə, qanunsuz hərəkətlərə meylli olurlar. Bu şəxslərin ailələri ilə sıx təmasda olması, onlara verilən telefon danışıqlarının, görüşlərin sayının artırılması məsləhətdir.Ömürlüklərə qanunla iki ayda 1 dəfə telefonla danışığa icazə verilir",-deyə rəis bildirib.

Sonra jurnalistlər həbsxanada kitabxana, mətbəx, tibb sanitar hissə ilə tanış olublar.

Abdullayev bildirib ki, 3600 kitab fondu olan kitabxanadan daha çox ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar istifadə edir. Rəis kitab fondunun zənginləşdirilməsinə və bu işdə ictimai təşkilatların yardımına ehtiyac olduğunu deyib.

Tibb hissəsi ilə tanışlıq zamanı orada müalicə olunan və müayinədən keçən məhkumlar da saxlanmadan, tibbi xidmətdən şikayətçi olmadılar. Dərmanla vaxtlı-vaxtında təmin olunduqlarını, xəstələnəndə həkim yardımı göstərildiyini bildirblər.

Həbsxana rəisi ilk dəfə olaraq, jurnalistlərin xahişi ilə onları ömürlüklərin cəza çəkdiyi kameralarla tanış edib.

KİV nümayəndələri beşinci korpusda cəza çəkən "OMON hadisələri"nə görə ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanovla kamerasında görüşüblər. Əmiraslanov mətbuat nümayəndələrini saxlanma şəraiti ilə tanış edib. O, ömürlük azadlıqdan məhrum edilmiş Fərrux Kərimovla bir kamerada saxlanılır. Kamerada məhkumlar üçün lazımi şərait yaradılib. Əmiraslanov həbsxanada ona təzyiqlərin olunması, incidilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. OMON-un Qazax bölməsinin komandiri olmuş Əmiraslanov saxlanma şəraitindən, məhkumlara olan münasibətdən şikayətçi olmayıb. O, bir müddət öncə həbsxanada qara maskalıların xüsusi əməliyyat keçirməsi, məhkumlara işgəncə verilməsi, bir qrup məhkumun aclıq aksiyası keçirməsi barədə yayılan məlumatları da təsdiqləməyib.

Qeyd edək ki, həbsxana personalı daha ağır şəraitdə çalışır. Rəis bildirib ki, məhkumlara nəzarət edən əməkdaşlar 24 saat qapalı şəraitdə fəaliyyət göstərir. Gün ərzində onlar məhkumların təhqirlərinə, tənbehlərinə məruz qalır: "Məhkumlar arasında ruhi xəstə olanı, qayda-qanuna riayət etməyəni, hər cür xarakterdə olanı var. Onlarla yola getmək, onların kaprizlərinə dözmək çox çətindir".

Qobustan həbsxanası Azərbaycanda yeganə həbsxanadır. Həbsxanada cəza çəkən məhkumların sayı açıqlanmasa da, məhkumların 200-ə yaxını ömürlük azadlıqdan məhrum edilmişlərdir. Onların 85 nəfəri ölüm cəzası ömürlük azadlıqdan məhrum edilmiş məhkumlardır.

Xəbər lenti

Xəbər lenti