Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzerReyl" voleybol klubu noyabrın 26-da qısamüddətli təlim-məşq toplanışı keçirmək üçün Moskvaya yola düşəcək. Təlim-məşq toplanışı gələn həftə Çempionlar Liqasının birinci qrup mərhələsində Odintsovoda "Zareç"ə qarşı keçiriləcək oyuna hazırlıq çərçivəsində baş tutacaq.
Faiq Qarayevin yetirmələri heyətin müəyyən olunması və oyunçular arasında əlaqələrin yaxşı qurulması məqsədilə Rusiya paytaxtında bir neçə məşq prosesi keçəcək. Bu yaxınlarda əməliyyat olunan Yelena Parxomenko və Lidiya Maksimenko, həmçinin bu günlərdə dekretə çıxan Oksana Məmmədyarovanın yoxluğunda komanda zəif təsir bağışlayır. Buna görə əvvəllər ehtiyatda qalan bir sıra voleybolçular əsas heyətdə çıxış etmək şansı əldə ediblər.
"AzerReyl"in qrupdakı digər rəqibləri Polşanın "Kalitsiya" və Türkiyənin "Fənərbaxça" klublarıdır.