Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ DİN-in Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin apellyasiya şikayəti üzrə çərşənbə günü qərar elan olunacaq. Bakı Apellyasiya Məhkəməsindən Trend ə bildirilib ki, apellyasiya şikayəti üzrə qərar hazırdır.
Məmmədovun rəhbərlik etdiyi dəstə 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.
MTN-də aparılan ibtidai istintaq zamanı Məmmədov və rəhbərlik etdiyi dəstənin 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.
Dəstə başçısına Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
Prokuror Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvləri barəsindəki hökmün qüvvədə saxlanılmasını istəyib.
Məhkəmənin hökmü ilə dəstə üzvləri Fərhad Məmmədbəyov (əmlakı müsadirə olunmaqla), Eldar Rəhimov (əmlakı müsadirə olunmaqla), Malik Məmmədov (əmlakı müsadirə olunmaqla), Husain Abdulvahabov, Zakir Nəsirov (əmlakı müsadirə olunmaqla), Kamil Sədrəddinov (əmlakı müsadirə olunmaqla), Musa Dabuyev, Aslanbek Çintamirov, Yagir Məmmədov ömürlük həbs cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər Nizami Abdullayev (əmlakı müsadirə olunmaqla), Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Nailə Quliyeva (əmlakı müsadirə olunmaqla) 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 12 il, Əliqulu Quliyev, Nişad İsmayılov (əmlakı müsadirə olunmaqla) 10 il, Faiq Quliyev, Elçin Əliyev (əmlakı müsadirə olunmaqla) 9 il, Mehman Həsənov, Fariz Həmidov və Elşən Mirzəyev 8 il iş alıb. Aqil Hüseynov (2 il maddi məsuliyyətlə bağlı vəzifə tutmamaq şərti ilə) 2 il şərti, Azər Əliyev 2 il şərti azadlıqdan məhrum edilib. İbrahim Bağırov isə dövlətə vurduğu ziyanı ödədiyi üçün barəsindəki cinayət işinə xitam verilib.