...

Azərbaycanın baş prokuroru həbsdə olan baş redaktorun zaminliyə verilməsinə razılıq verməyib

Cəmiyyət Materials 30 Noyabr 2007 13:47 (UTC +04:00)
Azərbaycanın baş prokuroru həbsdə olan baş redaktorun zaminliyə verilməsinə razılıq verməyib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanın baş prokuroru "Azadlıq" qəzetinin həbsdə olan baş redaktorunun zaminliyə verilməsi ilə bağlı millət vəkillərinin müraciətini təmin etməyib.

Bu barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciətlə bağlı Milli Məclisə ünvanladığı cavab məktubunda bildirilib. Bunu jurnalistlərə açıqlamasında millət vəkili Pənah Hüseyn deyib.

Milli Məclisin on dörd deputatı baş redaktor Qənimət Zahidin zaminə buraxılması ilə bağlı baş prokuror Zakir Qaralova müraciət etmişdi.

Baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq cinayətlərində şübhəli bilinərək noyabrın 11-də Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs olunub.

"Hazırda bu iş üzrə istintaq aparılır, nəticəsindən asılı olaraq qanuna müvafiq qərarın qəbul olunması təmin ediləcək" - deyə baş prokurorun birinci müavini bildirib.

Əgər ittihamlar sübut olunarsa, baş redaktoru 3 ilə qədər həbs gözləyir.

İnsan hüquqlarının müdafiəsini həyata keçirən beynəlxalq təşkilatlar Zahidin həbsini pisləyən bəyanatla çıxış edib və bunu Azərbaycanda söz azadlığına təzyiq kimi qiymətləndiriblər.

Zahid həbsini ona qarşı hazırlanmış təxribat hesab edir.

Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 8 jurnalist cəzalandırılıb. Onların əksəriyyəti təhqir və böhtan cinayətlərinə görə məhkum olunublar.

Xəbər lenti

Xəbər lenti