Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ "Dalğa" Gənclər Hərəkatı Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin su problemi ilə əlaqədar aksiya keçirib. Bu barədə şənbə günü "Dalğa" Gənclər Hərəkatının koordinatoru Cavid Ramazanov məlumat verib.
"Bir neçə ildir ki, universitetin 7 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərin su problemi həll olunmur. Məcburi köçkünlər 300- 400 metr aralıdan suyu əl ilə beşinci mərtəbəyə qədər daşıyırlar. Onların probleminə diqqəti cəlb etmək üçün bu gün "Dalğa"nın üzvləri məcburi köçkünlər üçün su daşıyıblar. Hesab edirik ki, bu vasitə ilə rəsmi orqanların diqqətini problemin həllinə yönəldə bilərik", -deyə Ramazanov əlavə edib.
Onun sözlərinə görə, aksiyanın keçiriləcəyi məxfi saxlanıldığından, polis bundan xəbər tutmayıb. Aksiya polisin müdaxiləsi olmadan başa çatıb.
"Dalğa" Gənclər Hərəkatı 2005-ci ildə yaradılıb. Təşkilat müxalifət mövqeyindən çıxış edir və cəmiyyətdə olan problemlərlə bağlı müxtəlif aksiyalar keçirir.