...

Sabiq nazirin müayinəsi üçün kənardan kardioloq çağrılması barədə müraciət olunub

Cəmiyyət Materials 6 Fevral 2008 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın sabiq iqtisadi inkişaf nazirinin müayinəsi üçün kənardan kardioloq çağrılması barədə müraciət olunub.

Sabiq nazir Fərhad Əliyevin vəkili İsaxan Aşurov çərşənbə günü Trend ə bildirib ki, kənardan kardioloqun dəvət olunmasına Milli Təhlükəsizlik Nazirliyi etiraz etməyib.

Əliyev fevralın 5-də səhhətindəki problemlə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Vəkil bildirib ki. MTN-in bu barədə mövqeyi Müalicə Müəssisəsi rəhbərliyinə bildirilib və onlarin kardioloq çağrılması ilə bağlı müraciətlərinə baxılacaq. Vəkil sabiq nazirin müayinələrinə başlanıldığını və ona hələlik diaqnoz qoyulmadığını deyib.

Sabiq nazir öz həkimi tərəfindən, yaxud başqa həkimlər tərəfindən, amma vəkillərinin iştirakı ilə hərtərəfli müayinə aparılmasını və müalicəsi üçün şərait yaradılması tələbi ilə fevralın 2-də iki günlük aclıq edib. Aksiyadan sonra onun səhhəti ağırlaşıb.

Vəkilləri sabiq nazirin ürək xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağır olduğunu bildiriblər.

Məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib və sonradan ona qarşı iqtisadi cinayətlərdə iştirakı ilə bağlı ittiham irəli sürülüb.

Məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.

Əliyev həbs olunduğu vaxtdan Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti