...

Röya Ayxan "Sarı gəlin"i ifa etməklə Bülent Ersoya cavab verdi

Cəmiyyət Materials 19 Fevral 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı,19 fevral /müx. TrendLife Şahin Cavadsoy

Qonşu Türkiyənin "Star" tele-kanalında böyük maraqla izlənilən "Popstar Alaturka" yarışması maraqlı məqamlarla yadda qaldı. Qeyd edək ki, müğənni Röya Ayxanın bu yarışmada qonaq kimi iştirak edəcəyi barədə xəbəri ilk olaraq "Azəri Star production"ın rəhbəri Kemal Cenk İçten TrendLife-a söyləmişdi. Cenk bəy sözügedən yarışmanın təşkilatçıları ilə əməkdaşlıq edir və məmləkətimizdə populyar olan bəzi müğənnilərin "Popstar Alaturka"da qonaq qismində çıxış etməsini həyata keçirir. Onu da bildirək ki, mahnı yarışmasında "Azəri Star" müsabiqəsinin qaliblərindən biri olmuş Aygün Şükürova da iştirakçı kimi çıxış edir və göstərdiyi performansa görə münsiflərdən yüksək səslər qazanaraq, həftənin yeddincisi oldu.

İndi də Röya xanımın "Popstar Alaturka"da nümayiş etdirdiyi səhnə mədəniyyətinə bir az şərh vermək istərdik. Bakı vaxtı ilə saat 22:56 radələrində yarışmanın canlı yayımına qoşulan müğənni, ilk addımdan tamaşaçıların diqqətini özünə cəlb etdi. Dünyanın dörd bir yanına səs salmış xalq mahnımız "Sarı gəlin"i orkestrin müşayiəti ilə ifa edən R.Ayxan publika tərəfindən hədsiz diqqətlə qarşılandı. Bu məqamda operatorlar münsiflər heyətində özünü rəhbər kimi göstərən Bülent Ersoyun dəyişən simasını iri planda nümayiş etdirdilər. Su içib özünü sakitləşdirməyə çalışan Bülentin gözlərindən oxunurdu ki, o, Röyanın bu addımını hədsiz qısqanclıqla qarşılayır. Amma Röyaya da Röya deyərlər. Bu yerdə müğənnimizə "halal olsun" deməyin lap yeridir. Çünki Bülent Ersoyun timsalında o, hamını yerində otuzdurub ifası ilə sübuta yetirdi ki, "Sarı gəlin" mahnısı Azərbaycan folkloruna aid olan musiqilərdəndir.

Röyanın belə bir ampluada çıxış etməsinə müsbət qiymət verən isə sözsüz ki, müğənninin bu yarışmada iştirakını təmin edən Cenk İçten oldu: "Röya xanım bir daha təsdiq etdi ki, "Sarı gəlin" Azərbaycan mahnısıdır. Sevindirici hal odur ki, "Popstar Alaturka" milyonlarla izləyicisi olan "Star" televiziyası vasitəsilə yayımlanır. Və bütün tamaşaçılar da bir daha şahidi oldular ki, Bülent Ersoyun həftələr öncə bu müsabiqədə söylədiyi fikirlər yalnız uydurmadır. Yəni o vaxt Bülent Ersoy söyləmişdi ki, "Sarı gəlin" guya mənfur ermənilərin xalq mahnısıdır. Məncə, bu təkcə Röyanın yox, bütün azərbaycanlıların uğurudur".

Yəqin ki, sənətçi paytaxa dönəndə məlumatları özü daha ətraflı bizlərlə bölüşər.

Xəbər lenti

Xəbər lenti