...

Londonda Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş aksiya keçirilib

Cəmiyyət Materials 25 Fevral 2008 06:33 (UTC +04:00)
Londonda Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş aksiya keçirilib

Böyük Britaniya, London, 25 fevral / Trend müxbir G.Əhmədova/ Londonda Böyük Britaniya parlamenti önündə Xocalı faciəsinin 16-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib.

Aksiya "Azərbaycan gəncliyi klubu", "London-Azərbaycan" cəmiyyəti və "Böyük-Britaniya" Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunub.

"Azərbaycan gəncliyi klubu"nun Londondakı rəhbəri Vüsal Həmzəyevin sözlərinə görə, aksiyanın keçirilməsində məqsəd britaniyalıların Xocalı faciəsinə diqqətini cəlb etmək idi.

Trend in xəbərinə görə, aksiyada 100-dən çox adam iştirak edib. Onların arasında Londonda təhsil alan azərbaycanlı tələbələr, habelə türk diasporunun nümayəndələri və Böyük Britaniyada yaşayan, əslən Cənubi Azərbaycandan olan soydaşlarımız olub. Aksiyaya yığışanlar əllərində Azərbaycan, Türkiyə və Şimali Kiprin bayraqlarını tutmuşdular.

Aksiya iştirakçılarının plakatalarında "Ermənistanın Azərbaycana qarşı terrorunu dayandırın", "Biz müharibəni başlayanlara qarşıyıq", "Xocalı faciəsi-20-ci əsrin ən dəhşətli faciəsidir" sözləri yazılmışdır.

Aksiya iştirakçıları "Ermənistanın Azərbaycana qarşı terrorunu dayandırın", "Ermənistan, Qarabağdan rədd ol" və digər şüarları səsləndiriliblər.

Aksiya iki saat davam edib. Aksiya zamanı yaxın ərazidən keçən insanlara Xocalı faciəsi haqqında ingilis dilində bukletlər paylanılıb.

Aksiyanın sonunda "Azərbaycan gəncliyi klubu"nun fəallarından olan Famil Quliyev bura toplaşan azərbaycanlılara öz təşəkkürünü bildirib və qeyd edib ki, birgə tədbirlərlə yanaşı Londonda yaşayan azərbaycanlılar fərdi şəkildə Xocalıda baş verənlərlə bağlı məlumatları yaymalıdırlar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti