...

Bu gün milli geyimlə səhnəyə çıxan, sabah göbəyini açır-xalq artisti Əminə Dilbazi

Cəmiyyət Materials 28 Fevral 2008 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /müx. TrendLife Günel Əhmədova/

Vaxtilə milli rəqqasların şahzadəsi titulunu verdiyimiz Əminə Dilbazi bu gün nə rəqsdən danışır, nə rəqqasələrdən. Ömrünün son akkordlarının ritmini dinləyən rəqqasə xanım artıq şahlıq hökmünün heç bir işə yaramadığını dilə gətirdi. Dörd divar araxasında, həyat yoldaşı Cövdət Hacıyevin fotoları ilə baş-başa qalan Əminə xanım "artıq taleyin acı oyununu oynayıram" deyir. İndi onu alqışlayan nə yüzlərlə tamaşaçısı var, nə də ətrafında süzən nazənin qızlar. Bir sözlə, Əminə Dilbazi meydanda tək qalıb. Rəqqasə TrendLife-a müsahibəsində tənhalığını bölüşdü:

- Oturduğumuz bu otağı muzeyə çevirmişəm. Yəni sağlığımda muzeyimi yaratmışam ki, hərdən keçmişimə baxıb darıxmayım. Ağlıma gətirməzdim ki, insan yaşlananda təklənər, bu qədər darıxar. Çox darıxıram. Amma bilmirəm nə üçün darıxıram. Hərdən həyatımı bölüşdüyüm Cövdət Hacıyevin divardan mənə boylanan şəkillərinə baxır və düşünürəm: İnsan nəyə lazımdır? Mən səhnəyə, sənətə lazım deyiləmsə, unudulmalıyam? Məni səhv başa düşməyin. Bu sözləri maddiyat üçün söyləmirəm. Mənim pula ehtiyacım yoxdur. Axı pulu neyləyəcəyəm.?! Mənim diqqətə, qayğıya ehtiyacım var. Bunu düşündükcə ürəyimə sıxılır. Adi günləri birtəhər keçirirəm, bayram günləri gələndə ürəyimin ritmi artır, təzyiqim sözümə baxmır. Qulağım səsdə, gözüm qapıda qalır. Bayram günü kimin yadına düşəcəyəm, bu haqda düşünürəm. Lakin düşündüklərim heç nəyi həll etmir. Heç kim bayramımı təbrik edəcək qədər diqqətli olmur. Hətta xoş sözləri də məndən əsirgəyirlər.

-Vaxtilə ekranlardan düşməyən, rəqqasların sevimli müəllimi olan Əminə xanımı yetirmələri də unudub?

-Ad günüm yetişəndə tələbələrim, əllərində tort, şirniyyat, evimdə olurdular. Artıq buna adət etmişdim. Diqqətləri həmişə üzərlərimdə olub. Amma zaman keçdi, mən tamamilə səhnədən, məktəbdən ayrıldım. Yaşlandığım üçün bunları yerinə yetirə bilmirdim. Elə o vaxtdan bəri təklənməyə başladım.

-Gəzintiyə çıxıb, fikrinizi dağıtmaq istəmirsiniz?

-Necə çıxım? Bir neçə gün əvvəl yıxılıb ayağımı əzmişəm. Ümumiyyətlə, hərəkətlərimdə problem var. Ayaqlarım sözümə baxmırdı, yıxılandan sonra vəziyyət daha da gərginləşib.

-Gileyiniz həm də dövlət nümayəndələrinədir?

-Mən sözümü deyirəm. Kim istəyir payını götürsün. Qapımı heç kim açmırsa, kimi tərifləyə bilərəm? Sənətdən söz düşəndə düşünmürlər ki, filan-filan rəqs nümunələrinin yaranmasında, inkişafında Əminə Dilbazinin rolu az olmayıb? Düzdür,r xalq aritsti fəxri adını almışam. "İstiqlal" oredni ilə təlif olunmuşam. 20-dən çox ölkədə Azərbaycan rəqslərini nümayiş etdirmişəm. Yüzlərlə tələbə yetişdirən bu şəxsiyyət, necə olur unudulur? Çox təəssüflə qeyd etmək istəyirəm ki, sənətə böyük tövfələri olan, misilsiz xidmətlər göstərən filankəs. Mənim haqqımda da bu cür danışacaqlarına inanıram. Amma bu gün kiminsə qapımı döyəcəyinə artıq inamım qalmayıb. Axı Əminə Dilbazi bir də dünyaya gəlməyəcək. Onun qədrini bilmək lazımdır.

-Maddi durumunuz necədir?

-Etiraf edim ki, maddi cəhətdən ehtiyacım yoxdur. Prezident təqaüdü alıram. Bu mənə bəs edir. Ara-bir dərmanlar qəbul edirəm. Bu da təbiidir. Yaşlanmışamsa, səhhətimdə problemlərin olması normaldır. Amma yalandan deyim maddi sıxıntılar keçirirəm, bunu özümə sığışdırmaram. Çavanlığımda pula ehtiyacım olub, sənətdən uzaq olduğum üçün tələbatım da yoxdur.

- Hansı dövrlər üçün daha çox darıxırsınız?

-30 il səhnədə rəqs etmişəm. Hindistanda mənə "Şiva rəqqasə" adı veriblər. Bu ad orada çox önəm daşıyır və həmin sənətkarın yeri yüksəkdə olur. Bu yaşımda orada olsaydım, yenə şahzadə kimi yaşayardım. Hərdən oyunlarımı xatırlayıram. Rəqslərim arasında ən çox sevdiyim "Turacı" olub. Bu oyun mənim üçün bir başqa idi. Özümü başqa aləmdə hiss edirdim. Bütün uğurlarım əziyyətlərim hesabına qazanmışam. Gecələri yatmırdım, məsuliyyətli idim. Əgər vaxtlı-vaxtında işimi yerinə yetirməsəydim, kim idi mənə xalq artisti adını verən?. Heç bu zirvəyə çata bilməzdim. Ona görə də, indiki vəziyyətim məni məyus edir.

-Bir neçə cümlə ilə milli rəqs sənətinin bu günkü dövrünü necə xarakterizə etdiyinizi öyrənmək istəyirəm.

-Mən bu barədə çoxdandır ki, danışmaq istəmirəm. Çünki demokratiya çoxlarının əlinə fürsət verib. Bu gün milli geyimlə səhnəyə çıxan, sabah göbəyini açır. Belə halları sənətə yaraşdırmıram. Mənim deməyimlə heç nə dəyişən deyil. Ona görə də susuram.

Xəbər lenti

Xəbər lenti