Azərbaycan, Bakı, 05 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının 23-cü turunun oyunlarını idarə edən hakimlər ilk dəfə olaraq klubların iradı ilə üzləşməyib. "Çempionatda ilk dəfə idi ki, hansısa klub oyununu idarə edən hakimdən şikayət etməyib. Mən özüm son turun ABN-lə "İnter" və "Simurq"la "Olimpik" arasında keçirilən oyunlarına baxdım. Hər iki oyunda hakimlik çox yüksək səviyyədə idi", bazar ertəsi Trend a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.
23-cü turda "Simurq" - "Olimpik", "Karvan" - "Neftçi" və "Xəzər-Lənkəran" - "Bakı" oyunları çempionluq baxımından əhəmiyyətli oyunlar sayılırdı.
Son vaxtlar AFFA Premyer-Liqanın həlledici oyunlarını idarə etmək üçün Almaniyadan hakimlər dəvət edir. Sonuncu turun bütün oyunlarını azərbaycanlı referilər idarə edib.
Məmmədovun dediyinə görə, bu həftə Hakimlər Komitəsinin yeni tərkibinin müəyyənləşəcəyi dəqiqləşib. "Bu məsələ üzərində çox düşündük. Artıq qərara gəlmişik ki, komitənin yeni tərkibinin kimlərdən təşkil olunacağını bu həftə müəyyənləşdirək" - deyə HK sədri əlavə edib.
Məmmədov HK-nın sədri vəzifəsinə bu il aprelinin əvvəlində təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]