Azərbaycan, Bakı, 19 iyun / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ali məktəblərinin bakalavrları ABŞ-ın institutlarında magistr pilləsi üzrə təhsillərini davam etdirmək imkanı əldə ediblər. Bu imkanı cümə axşamı təhsil nazirliyi və ABŞ Dövlət katibinin təhsil və mədəniyət məsələləri üzrə müavini Qoli Ameri arasında Bakıda imzalanmış əməkdaşlıq sazişi verir.
Təhsil naziri Misir Mərdanovun bildirdiyinə görə, saziş ABŞ və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığa dair ilk rəsmi sənəddir. "Bu sənəd ABŞ Dövlət katibinin müavini Tomas Farrelin Azərbaycana səfəri zamanı müzakirə olunub", - deyə nazir bildirib.
Amerinin sözlərinə görə, iki dövlət uzun illərdir ki, təhsil sahəsində uğurlu əməkdaşlıq edir. "Bu saziş mövcud əməkdaşlığın genişlənməsinə xidmət edəcək", - deyə o bildirib.
Təhsil nazirinin bildirdiyinə görə, saziş 5 il ərzində həyata keçiriləcək və ABŞ-da magistr təhsili almaq istəyən bakalavrlar iki hökümətin birgə xüsusi komissiyası tərəfindən seçiləcək. "Həmin tələbələrin sayı hələ müəyyənləşdirilməyib", - deyə nazir qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]