...

Avropa Şurası Azərbaycanda şərti cəzaçəkmə insitutunun yaradılmasına yardım edəcək

Cəmiyyət Materials 3 Sentyabr 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir K. Zərbalıyeva/ Avropa Şurasının (AŞ) Azərbaycanın penitensiar sistemində həyata keçirəcəyi yeni layihə ölkədə şərti cəzaçəkmə insitutunun yaradılmasına yardım edəcək.

AŞ ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən, "Azərbaycanda Həbsxana İslahatına Dəstək 2008- 2009" layihəsinin təqdimatı ilə bağlı çərşənbə günü keçirilən tədbirdə layihənin məqsədləri, görüləcək işlər barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.

AŞ Baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek çıxışında bildirib ki, şərti cəzaçəkmə insitutunun yaradılması həbsxanalarda məhkumların sıxlığının aradan qaldırılmasına səbəb olacaq, cinayət törədən şəxslərin cəmiyyətə reablitasiyasını mümkün edəcək.

Bu təcrübənin Gürcüstan və Moldovada tətbiq olunduğunu və müsbət nəticələr əldə olunduğunu vurğulayan ekspert bildirib ki, məhkumlara minimum məhdudiyyətlər tətbiq olunmalı, cəzalar qısamüddətli olmalı, məhkumlar insan hüquqlarından məhrum edilməməlidirlər.

Layihə çərçivəsində həmçinin Penitensiar Xidmətdə çalışan işçilərin professional bacarıqlarının səviyyəsini yüksəltmək, onlar üçün təlim mərkəzinin yaradılması, həbsxanalarda yolxucu xəstəliklərin qarşısını almaq üçün səhiyyə xidmətinin təkmilləşdirilməsi, məhkumların cəmiyyətə reablitasiyasına yardım etmək nəzərdə tutulub.

İki il müddətində davam edəcək layihə Norveç hökuməti tərəfindən maliyyələşdirilir.

Layihə hazırda başlanğıc mərhələsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti