...

Azərbaycanda orta məktəb dərsliklərinin əlavə vəsaitləri pulsuz paylanmayacaq

Cəmiyyət Materials 13 Sentyabr 2008 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Təhsil Nazirliyi orta məktəblərə dərsliklərin əlavə vəsaitlərini pulsuz təqdim etməyəcək. "Bəzi dərsliklər üçün nəzərdə tutulmuş iş dəftərləri şagirdlərin valideynləri tərəfindən alınmalıdır. Təhsil Nazirliyi yalnız şagirdlər üçün dərsliklər və müəllimlərə hər bir fənn üçün əlavə dərs vəsaitlərini dövlət hesabına verəcək", - deyə şənbə günü Trend -a Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib.

Trend -un arayışı: 2003-cü ildən Azərbaycan məktəblərinin bütün sinifləri üçün dərsliklər dövlət tərəfindən verilir.

Şahbazlı həmçinin bildirib ki, yeni tədris ilindən etibarən birinci siniflər üçün "Əlifba" dərsliyinin yeni forması hazırlanıb. "Hazırlanmış yeni "Ana dili" dərsliyi "Əlifba" və "Ana dili" dərsliklərinin ümumiləşdirilmiş formasıdır. Lakin bu, "Əlifba" dərsliyinin ləğv olunması kimi qəbul olunmamalıdır. Yeni "Ana dili" dərsliyi milli kurikulum əsasında yeni formada hazırlanıb. Tamamilə fərqli məzmunda hazırlanmış dərsliyə müəllim üçün vəsait və iş dəftəri də daxildir", - deyə o bildirib.

Şöbə müdirinin sözlərinə görə, yeni dərslik əsasında dərs deyəcək 9 mindən çox birinci sinif müəllimi üçün bir il ərzində treninqlər, kurslar və seminarlar təşkil olunub. "Birinci sinif müəllimləri milli kurikulum əsasında tədris verməyə tam hazırdırlar. Müəllim üçün hər bir fənn üzrə əlavə dərs vəsaiti də veriləcək. Həmin vəsaitdə dərsliyin hər səhifəsindəki dərsin necə tədris olunması barədə ətraflı izahat təqdim olunub", - deyə Şahbazlı bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti