Azərbaycan, Bakı, 27 sentyabr / Trend , K.Zərbalıyeva/ Şənbə günü Azərbaycan ədliyyə orqanlarındakı 300-dək vakant vəzifələrə test imtahanları keçirilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Ədliyyə Nazirliyinin birgə keçirdiyi imtahanda dövlət, özəl və xarici təhsil müəssələrini bitirmiş 230 namizəd iştirak edib.
Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, sənəd vermiş 256 namizəddən 20-si imtahana buraxılış vəsiqəsini almayıb, bir neçə namizəd isə imtahana gəlməyib.
Namizədlərin təqribən yarıdan çoxu respublikanın regionlarını əhatə edir. İmtahan verənlərin əksəriyyəti 25 yaşınadək olanlardır.
Müsabiqədə iştirak edənlər arasında ədliyyə və məhkəmələrdə yardımçı vəzifələrdə çalışanlar, bələdiyyə qulluqçuları və vəkillik fəaliyyəti ilə məşğul olan namizədlərlə yanaşı, ilk dəfə əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq istəyənlər də var.
Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin namizədləri, hər dörd nəfərdən birini isə qadınlar təşkil edir.
Məhərrəmov deyib ki, ədliyyə orqanlarının strukturu yeniləşəndən, yeni idarə və şöbələr yaranandan, regionlarda bölmələr fəaliyyətə başlayandan sonra qeydiyyat, məhkəmə nəzarətçiləri, penitensiar xidmət sahələrində vakant ştatlar yaranıb.
Namizədlərin hüquqi biliklərini, məntiqi təfəkkürünü və ümumi dünyagörüşünü müəyyən etmək üçün 100 sual tərtib olunub.
Namizəd 3 saat müddətində bu sualları cavablandırmalıdır.
Hüquq sahəsi ilə bağlı cavablar 1, məntiqi sualların cavabları isə 0,5 balla qiymətləndiriləcək.
İmtahanda mümkün 90 baldan 55 və daha artığını toplamış namizəd ikinci-söhbət mərhələsində iştirak etmək hüququ qazanacaq.
İmtahanın nəticələri bu gün günün ikinci yarısında TQDK-nın saytında yerləşdiriləcək.
BDU-da keçirilən imtahanları 40-a yaxın yerli və beynəlxalq müşahidəçi izləyib.
Ədliyyə orqanlarına ilk müsabiqə 2006-cı ildə keçirilib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]