Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Ergün/ Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun keçmiş məşqçisi Azərbaycanın "Qəbələ" komandası ilə üç illik müqavilə bağlayıb.
"Azərbaycanda istedadlı uşaqlar var. Hesab edirəm ki, gələcəkdə bu uşaqların arasından Arda Turan, Mehmet Aurelio kimi futbolçular çıxa bilər", - çərşənbə axşamı Trend Xəbər Agentliyində keçirilən mətbuat konfransında "Qalatasaray"ın keçmiş məşqçisi Ali Yavaş deyib.
Yavaş "Qalatasaray" klubunun aşağı yaş qrupları üzrə komandalarında məşqçi kimi fəaliyyət göstərib. O, hazırda "Qalatasaray"da və Türkiyə yığmasında çıxış edən Arda Turanın məşqçisi olub.
Mətbuat konfransında Yavaşla yanaşı, "Qəbələ"nin yeni meneceri Kaan Ark da iştirak edib.
Yavaş bildirib ki, o, "Qalatasaray"dan öz istəyi ilə ayrılıb.
"Biz "Qəbələ"də yeni Futbol Akademiyası yaradacağıq. Bu, böyük bir idman məktəbi olacaq".
Türkiyəli məşqçi "Qəbələ" Futbol Akademiyasında direktor kimi fəaliyyət göstərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]