...

Azərbaycan parlamentinə təqdim olunan Amnistiya Aktı məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tutur

Cəmiyyət Materials 30 Oktyabr 2008 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir İ.Əlizadə / Azərbaycan parlamentinə təqdim olunan Amnistiya Aktı layihəsi bütün məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılmasını nəzərdə tutur.

"Bundan başqa layihə cəzasının on ilini çəkmiş ömürlük azadlıqdan məhrum edilən məhbusların cəzasının 20 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsini də nəzərdə tutur", - cümə axşamı Trend -a parlamentdə müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycanda sonuncu Amnistiya Aktı 2007-ci ilin may ayında qəbul olunub. İndiyədək qəbul olunan səkkiz Amnistiya Aktı 40 min məhkuma şamil olunub. 1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 32-si mərhum prezident Heydər Əliyev, 13-ü isə hazırkı prezident İlham Əliyev tərəfindən imzalanıb.

Müsavat deputat qrupunun üzvü Hüseyn parlamentin yaradılmasının 90 illiyi ilə əlaqədar Amnistiya Aktı layihəsi hazırlayıb və qanunverici orqana təqdim edib.

Hüseyn deyib ki, indiyə qədər qəbul olunan Amnistiya aktları zamanı bütün məhbusların cəzalarının çəkilməmiş hissəsinin bir il azaldılması praktikası tətbiq olunmayıb.

Deputat qeyd edib ki, layihəyə əsasən, əgər həbsxanalarda Azərbaycanın ilk parlamentinin üzvü olan şəxslərin yaxınları varsa, onlar azadlığa buraxılacaq.

"1918-1920-ci illərdə fəaliyyət göstərən parlamentdə təmsil olunan şəxslərin yaxınları vaxtilə cəzaya məhkum olunublarsa, onlara bəraət verilməsi nəzərdə tutulub", - deputat əlavə edib.

Hüseyn qeyd edib ki, layihədə Cinayət Məcələsinin böhtan və təhqir maddələri (147, 148-ci maddələr) ilə azadlıqdan mərhum edilən şəxslərin cəzalarının çəkilməmiş hissəsindən azad olunması göstərilib. Onun sözlərinə görə, layihəni hazırlayan zaman 2007-ci ildə parlamentdə qəbul olunan Amnistiya Aktı əsas götürülüb. Çünki 2007-ci ildə qəbul olunan Amnistiya Aktı hüquqi baxımdan müasir qanunvericilyə uyğundur.

Deputat qeyd edib ki, Amnistiya Aktının müharibə cinayətləri, dövlətə qarşı cinayətlər və xüsusi ağır cinayətlər törətmiş məhbuslara şamil olunması nəzərdə tutulmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti