...

Azərbaycan məhkəməsi həbsdə olan baş redaktorun xarici işlər nazirinə qarşı iddiasını təmin etməyib

Cəmiyyət Materials 24 Noyabr 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir S.Kazımlı/ Azərbaycan məhkəməsi "Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun xarici işlər naziri Elmar Məmmədyarova qarşı iddiasını təmin etməyib.

Baş redaktor Eynulla Fətullayev, nazirin onun göndərdiyi informasiya sorğusuna cavab verməməklə hüquqlarını pozduğunu iddia edib və sorğunun cavablandırılmasını istəyib.

Xarici işlər naziri Məmmədyarovun Milli Təhlukəsizlik Nazirliyinə etdiyi müraciət əsasında Fətullayev barəsində terrora çağırışda ittiham edilməsinə dair cinayət işi başlanıb. Nazir jurnalistin "Əliyevlər müharibəyə gedir" başlıqlı yazısından Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının, iş adamlarının narahat olduğunu və ona bu məsələ ilə bağlı müraciət etdiklərini bildirib. Bu səbəbdən də Fətullayev Məmmədyarova sorğu göndərərək, narahat olduqları iddia edilən şəxslərin adlarının açıqlanmasını istəyib.

Fətullayevin vəkili İsaxan Aşurov qətnamədən apellyasiya şikayəti veriləcəyini deyib. Fətullayev 2007-ci il aprelin 20-də böhtan ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan jurnalistə qarşı Cinayət Məcəlləsinin terrorla hədələmə, vəzifə səlahiyyətindən istifadə etməklə, milli, irqi və dini ayrı-seçkilik salma və vergidən yayınma maddələri ilə yeni cinayət işi açılıb. 2007-ci il oktyabrın 30-da Fətullayev 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Terrorla hədələmə ittihamı "Əliyevlər müharibəyə gedir" məqaləsi ilə əlaqədar irəli sürülüb. Məqalədə Vaşinqton Tehran rejiminə qarşı hərbi əməliyyat keçirərsə, İranın Azərbaycana qarşı raket hücumunun mümkünlüyündən danışılırdı. Bu zaman strateji obyektlərin - İran raketlərinin mümkün hədəflərinin siyahısı göstərilib.

Sentyabrın 9-da İnsan Haqları üzrə Avropa Məhkəməsi Fətullayevin şikayətinə kommunikasiya baxışına başlayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti