...

Azərbaycanda korrupsiya əleyhinə kampaniyaya başlanılıb

Cəmiyyət Materials 26 Noyabr 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın regionlarında "Korrupsiyaya yox de!" şüarı altında "Milli Antikorrupsiya Həftələri" (MAH) kampaniyası başlayıb. Trend -un məlumatına görə, "Şəffaflıq Azərbaycan" təşkilatının 9 dekabr - Ümumdünya korrupsiyaya qarşı mübarizə günü münasibətilə başladığı aksiya respublikanın 5 regionunu əhatə edəcək.

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin həyata keçirdiyi "İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri" ("ALAC") Layihəsi çərçivəsində keçiriləcək və noyabr-dekabr aylarını əhatə edəcək kampaniyaya kütləvi-informasiya vasitələri, qeyri-hökumət təşkilatları, könüllülər cəlb olunacaq.

Kampaniya müddətində sosial aksiya (qapıdan-qapıya və ictimai yerlərdə məlumatlandırma), təhsil müəssisələrində tələbələr və müəllimlər üçün "Təhsildə şəffaflıq və ALAC layihəsi" mövzusunda seminarların keçirilməsi nəzərdə tutulub.

Kampaniyanın son günündə-dekabrın 11-də "Korrupsiya ilə üz-üzə" karikaturalar kitabçasının təqdimatı olacaq. Kitabçaya Azərbaycan karikaturaçılarının rəsmləri daxil edilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi sentyabrın sonlarına qədər Azərbaycanda korrupsiya faktları ilə bağlı 58 cinayət işini məhkəmələrə təqdim edib. Hazırda idarənin icraatında 27 cinayət işi istintaq olunur. Bu cinayətlər sırasında əsasən vəzifədən sui-istifadə, rüşvətalma, səlahiyyət həddini aşma və qulluq mövqeyindən istifadə etməklə talama cinayətləri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti