Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan jurnalistlərin peşə fəaliyyəti ilə bağlı Konstitutsiyanın 32-ci maddəsinə ediləcək əlavə və dəyişikliklərlə əlaqədar Avropa Şurasının narahatlığına əsas görmür.
"Bu, obyektiv yanaşma deyil. Bolqarıstanın konstitusiyasında buna oxşar maddə var. və Venesiya Komissiyası ötən ilin martında həmin maddəyə verdiyi rəyində dəyişikliyin Avropa standartlarına uyğun olduğunu bildirib", - Trend -un məlumatına görə, cümə günü Azərbaycanda insan haqları müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2008-ci il üzrə təsdiq olunması vəziyyətinə həsr olunmuş tədbirdə Milli Məclis (parlament) Aparatı qanunvericilik şöbəsinin müdiri, ölkənin Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov bildirib.
Trend -un arayışı: Konstitusiyaya edilən əlavə və dəyişikliklərə dair referendum martın 18-də keçiriləcək. Avropa Şurasının Baş katibi Terri Devis öncə jurnalistlərə açıqlamasında Konstitusiyanın bu maddəsinə ediləcək dəyişiklikdən narahat olduğunu bildirib.
Konstitusiyanın 32-ci maddəsinə (Şəxsi toxunulmazlıq hüququ) əvvəlki redaksiyada qeyd olunub ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır.
Dəyişiklikdə aşağıdakı əlavə təklif olunur: Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs pusquya, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə onun xəbəri olmadan və ya etirazına baxmadan məruz qoyula bilməz.
Maddəyə 5-ci hissənin əlavə olunması təklif edilib: Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətəuyğun olmayan, tam olmayan, həmçinin qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsi və ya çıxarılmasını tələb etmək hüququ var.
Hüseynovun sözlərinə görə, Azərbaycanı Konstitutsiyasının bu maddəsinə edilən bu dəyişiklik Avropa standartlarına zidd deyil və mətbuat azadlığının pozulması kimi qiymətləndirilə bilməz.
"Həmin maddədəki hallar mütləq deyil, istisnalar da var. Əgər ordakı məsələlər mütləq hal kimi göstərilsəydi, o zaman narahatlığa əsas yaranardı. Azərbaycanda hər hansı bir qanun və ya maddəyə dəyişiklik edilərkən beynəlxalq standartlar əsas götürülür və bu, qanunvericilik sahəsində əsas prinsipdir", - Hüseynov əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]