...

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqın zamanı xəsarət almış iki xəstə əməliyyat olunur

Cəmiyyət Materials 2 May 2009 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın zamanı xəsarət almış iki xəstə əməliyyat olunur.

Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindən şənbə günü Trend -a verilən məlumata görə, Kənan Əliyev və Zemfira Hüseynli hazırda əməliyyat otağındadır.

Xəstəxanadan bildirilib ki, əməliyyatın 2-3 saat davam edəcəyi gözlənilir. Mərkəzin həkimi dediyinə görə, digər xəstələrin vəziyyəti stabilləşir.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi barədə dünən sərəncam verib.

Sərəncamda 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30 min (otuz min), ağır xəsarət alanların hər birinə isə 15 min (on beş min) manat məbləğində birdəfəlik maddi yardım edilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti