...

Xaricdə təhsil alan azərbaycanlı gənclərin Vətənə qayıtması üçün iş və məişət problemlərinin həllinə zəmanət verilməlidir – SORĞU

Cəmiyyət Materials 26 May 2009 16:24 (UTC +04:00)
Xaricdə təhsil alan azərbaycanlı gənclərin Vətənə qayıtması üçün iş və məişət problemlərinin həllinə zəmanət verilməlidir – SORĞU

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir C.Babayeva /

Xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı gənclərin Vətəndə işlə təmin olunması üçün Azərbaycan Hökumətində proqram layihəsi hazırlanır. Ötən həftə təhsil naziri Misir Mərdanovun jurnalistlərə bildirdiyinə görə, layihənin hazırlanması ilə bağlı müzakirələrdə İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri, Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak edir. Trend İnformasiya Agentliyi Azərbaycanın gənclər təşkilatlarının bu layihə ilə bağlı tövsiyələrini öyrənib.

Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Ramil Həsənov: Xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı gənclərin Vətənə qayıdıb bir müddət çalışdıqdan sonra geri qayıtmasının tərəfdarıyam. Dövlət hesabına xaricdə təhsil alan azərbaycanlı tələbələrin geri qayıtmayacağına təəssüflənməməliyik. Onların geri qayıtmamasından Azərbaycan heç nə itirmir. Nəzərə alsaq ki, erməni və yəhudilərin dünyada güclü lobbiyə malik olmalarının əsas səbəblərindən biri xaricdə təhsillə bağlıdır, xaricdə savadlı və təhsilli azərbaycanlı gənclər Avropa ölkələrində müəyyən ciddi yer tuta biləcək diasporanın formalaşmasına kömək edə bilərlər. Dünyanın nüfuzlu ali məktəblərinin azərbaycanlı məzunlarının məşhur korporasiya, media və digər qurumlarda çalışmaları Azərbaycanın orada müsbət mənada tanıdılmasına xidmət edir.  

Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslı: Xaricdə təhsil alan azərbaycanlı gənclərin Vətəndə iş və məişət problemlərinin həllinə zəmanət verilsə, onların böyük əksəriyyəti qayıdar. Onların qürbətdə yaşamağı üstün tutduqlarına inanmıram. Xaricdə təhsil alan azərbaycanlı gənclərin xarici ölkələrdə qalıb işləmələrinin əsas səbəbi yüksək məvacibin ödənilməsidir. Onlar Azərbaycanda işlə təmin olunsalar belə, xarici ölkələrdə verilən əmək haqqının heç onda biri qədər əmək haqqı almayacaqlar. Təbii ki, gənclər daha proqmatik olduğuna görə, problemlər olan halda vətənpərvərlik ikinci plana keçir. Ona görə də, onların Vətəndə maddi tələbləri təmin olunmalıdır.  

Azərbaycanın Dalğa gənclər hərəkatının sədri Vəfa Cəfərova: Layihənin hazırlanması yaxşı təşəbbüsdür. Xaricdə təhsilini başa vurub, vətənə dönmək istəməyənlər çoxdur. Onlar qayıtmaq istəsələr də, işsizlik probleminə görə qayıda bilmirlər. Xaricdə vətəndaşlıq almaq çətin olduğuna görə, onlar qeyri-leqal yaşamağa üstünlük verib, təhsil aldığı ölkədə işə düzəlirlər. Bu halda onların aldığı təhsil istifadə olunmur, çünki qeyri-leqal yaşadıqlarına görə, onlar nüfuzlu işlə təmin olunmurlar. Xaricdə təhsil alan azərbaycanlı gənclərin xaricdə aldığı təhsili, keçdiyi təcrübəsi nəzərə alınaraq onlar Azərbaycanda önəmli vəzifədə işlə təmin olunmalıdırlar. Azərbaycanın gələcəyini xaricdə təhsil alan azərbaycanlı gənclər qurmalıdır.  

Azərbaycanın Vətəndaş və İnkişaf Partiyasının gənclər təşkilatının sədri Nurəddin Babayev: Xaricdə təhsilini başa vurmuş azərbaycanlı gənclər çox vaxt Vətəndə aldığı məvacibi biliklərinə sərf etdiyi zamana müqabil hesab etmirlər və ona görə də xaricdə işləməyə üstünlük verirlər. Xaricdə təhsil almış "beyinlərin" Azərbaycan dövlətinə xidmət etməsi üçün onlara şərait yaradılmalıdır. Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici şirkətlərin işçiləri yüksək maaş alırlar, mənzillə, maşınla təmin olunurlar. Onlar hər cür rahatlıqla təmin olunurlar ki, öz biliklərini işlədiyi işə sərf etsinlər. Təəssüf ki, dövlət qurumlarında bu şərait yoxdur. Hökumət ilk növbədə xaricdə təhsil almış gənclərə bu şəraiti yaratmalıdır ki, onlar Vətənə qayıdıb işləməyə meyl göstərsinlər.

Demokratik İslahatlar Partiyasının gənclər təşkilatının sədri Ramin Hacılı: Hazırlıq mərhələsində olan layihənin perspektivinə inanmıram. Layihənin müsbət nəticə verəcəyi gözlənilən deyil. Xaricdə təhsil almış azərbaycanlı gənc Azərbaycana qayıdıb kölə təfəkkürlü sistemdə işləməz. Xüsusən Avropa ölkələrində  təhsil almış gənclər həmin ölkələrin cəmiyyətinə uyğunlaşırlar və  vətənə qayıdıb çətinliklərlə üzləşmək istəmirlər. Onları Vətənə qayıtmağa və işlə təmin etməyə həvəsləndirmək qeyri-mümkündür.

Trend -un arayışı: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"na əsasən, dünyanın 17 ölkəsinin 81 nüfuzlu ali məktəbində 186 Azərbaycan gənci təhsilini davam etdirir. Onların təhsili üçün dövlət tərəfindən indiyədək 3,5 milyon manat vəsait xərclənib. Artıq bu proqram üzrə 7 gənc magistratura təhsilini başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti