Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin olunub, bu barədə çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayında bildirib.
"Azərbaycanda dini sahədə böyük nailiyyətlər əldə olunub. Əsrlərdir mövcud olan dinlər və konfessiyalar arasında tolerantlıq güclənir. Azərbaycan dini tolerantlıq üçün şəratin yaradılması istiqamətində bütün dünya üçün nadir nümunədir", - Orucov bildirib.
Bakıda çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin 12-ci qurultayı keçirilir. Qurultayın işində 250 nəfər iştirak edir.
"Bütün sahələrdə olduğu kimi, dövlət dini sahədə də müdrik siyasət aparır", - Dövlət Komitəsinin sədri bildirib.