Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın Mətbuat Şurası jurnalistlərə nəqliyyatda güzəştlərin tətbiqi ilə bağlı məsələni müzakirə edəcək.
"Bu məsələnin həlli üçün müvafiq qurumlarla bağlı müəyyən məsləhətləşmələrin aparılmasına ehtiyac var", - cümə günü Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Amaşovun sözlərinə görə, bu məsələnin həllinə mane olan bir sıra problem var.
"Əsas problem ölkədə fəaliyyət göstərən jurnalistlərin sayı ilə bağlı dəqiq məlumatın olmamasıdır", - şura sədri əlavə edib.
Onun fikrincə, bunun əsas səbəbi ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin redaksiyalarının tam əksəriyyətində əməkdaşlarla müqavilələrin olmamasıdır. Biz müqavilə məsələsini gündəmə gətirsək də, təəssüf ki, müəyyən obyektiv və subyektiv səbəblərə görə redaksiyalarda rəhbərliklə jurnalistlər arasında müqavilələr bağlanmadı. Digər tərəfdən, müqavilə bağlanan redaksiyalarda Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə əməl olunmadı", - Amaşov vurğulayıb.
Amaşov deyib ki, jurnalistlərə nəqliyyatda gediş-gəliş və digər sahələrdə güzəştlərin tətbiq olunması üçün məsələ yenidən gündəmə gətiriləcək. "Jurnalistlər daim hərəkətdə olan peşə sahibləridir. Onların əməkhaqqılarının o qədər də yüksək olmadığını nəzərə alaraq müəyyən güzəştlərin tətbiqi zəruridir. Ona görə də biz məsələni yenidən araşdırıb jurnalistlərə vahid kartların verilməsini başa çatdıracağıq. Nə qədər jurnalistə vəsiqə vermək məsələsi dəqiqləşəndən sonra müvafiq qurumlarla güzəştlərlə bağlı məsləhətləşmələr aparacağıq", - şura sədri bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]