...

Azərbaycan məmurları onları təhqir edən jurnalistlərin bağışlanmasına razı deyillər - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 4 Dekabr 2009 10:31 (UTC +04:00)
"500-ə yaxın məmur arasında keçirilən sorğunun nəticələrinə görə, onlar hələ ki barələrində təhqir dolu məqalələr yazan jurnalistləri həbs etdirmək niyyətindən çəkinməyiblər", - cümə axşamı Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Azərbaycan məmurları onları təhqir edən jurnalistlərin bağışlanmasına razı deyillər - Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir A.Hüseynbala/

Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycan məmurları onları təhqir edən jurnalistlərin bağışlanmasına razı deyillər.

"500-ə yaxın məmur arasında keçirilən sorğunun nəticələrinə görə, onlar hələ ki barələrində təhqir dolu məqalələr yazan jurnalistləri həbs etdirmək niyyətindən çəkinməyiblər", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Qanun layihəsini hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Amaşovun sözlərinə görə, bu məsələ şuranı ciddi şəkildə narahat edir.

"Biz məmurların hansı səbəbdən jurnalistlərə qarşı cinayət işi qaldırmaqdan vaz keçmək istəmədiklərini aydınlaşdırırıq", - o əlavə edib.

Şura sədri deyib ki, yaxın müddətdə jurnalistlər arasında da belə bir sorğunun keçirilməsi planlaşdırılır.

"Bu sorğu nəticəsində jurnalistlərin də diffamasiyaya nə dərəcədə hazır olduğunu müəyyənləşdirəcəyik", - Amaşov vurğulayıb.

Onun fikrincə, 2010-cu ildə "Diffamasiya haqqında" qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması prosesi daha da sürətlənəcək.

"İlk növbədə, müxtəlif dialoqlar təşkil olunacaq. Biz istəyirik ki, bu məsələ daima müzakirəyə çıxarılsın. Gələn il məmurlarla jurnalist təşkilatları, eləcə də məmurlarla jurnalistlərin özünün birbaşa dialoqlarının təşkil olunması da nəzərdə tutulur", - şura sədri qeyd edib.

Amaşovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Prezident Administrasiyasında diffamasiya ilə bağlı qanun layihəsinin müzakirəyə çıxarılmasına münasibət loyaldır.

"Azərbaycan rəhbərliyi bu məsələnin müzakirə olunub ortaq məxrəcə gəlinməsində maraqlıdır", - o xatırladıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti