...

Azərbaycanda özlərini MTN əməkdaşı kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslərə hökm oxunub

Cəmiyyət Materials 10 Mart 2010 18:15 (UTC +04:00)
Azərbaycanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı və icra nümayəndələri kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslərə hökm oxunub.
Azərbaycanda özlərini MTN əməkdaşı kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir H.Bağırov/

Azərbaycanda özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı və icra nümayəndələri kimi təqdim edərək, vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Bakı şəhər sakinləri - Rüfət Süleymanov 3, Əhməd Seyidov 11 və Akif Əzizov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Seymur Bayramov 7 il 2 ay 24 gün şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb.

Əzizov müxtəlif illərdə Bakı şəhər sakinləri Arif Cəbiyev, Nizami Quliyev, Rüstəm Quliyev və Məmməd Məmmədovu Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə düzəltmək adı ilə aldadaraq, onların hər birindən 21 min ABŞ dolları alıb və pullarını mənimsəyib.

Adıçəkilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin, Abşeron və Xətai rayon icra hakimiyyətlərinin vəzifəli şəxsi kimi təqdim etməklə, fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədiblər.

Belə ki, 2006-cı il iyunun əvvəllərində Süleymanov Seyidovla cinayət əlaqəsinə girərək, Abşeron rayonu Fatmayi kəndi ərazisindən 2 hektar torpaq sahəsinə sərəncam və şəhadətnamə almaq adı ilə Fikrət Bəhram oğlu İsmayılovdan özlərini Xətai rayon İcra Hakimiyyətinin işçisi kimi təqdim etməklə 54 min ABŞ dolları və 48 min 556 manat alıblar.

2007-ci ilin oktyabrında Rüfət Süleymanov özünü müxbir kimi təqdim etməklə Əhməd Seyidov və Akif Əzizovla birlikdə tikinti işlərinin aparılması üçün Xətai rayon İcra hakimiyyətindən icazə almaq məqsədi ilə Qurban Sadıqovdan 11 min ABŞ dolları alaraq mənimsəyiblər.

Təqsirləndirilənlər Bakı şəhər sakini Rəna İsmayılovaya qızı Fidanı tibb bacısı, oğlu Rəvanı Nəqliyyat Nazirliyinin Nəqliyyat Departamentində işə düzəldəcəklərinə söz verib və onu inandırıblar. Əzizov İsmayılovadan 4 min ABŞ dolları alıb və əlavə olaraq, qızını tibb bacısı təyin etdirmək üçün 1500 ABŞ dolları, oğlunu müfəttiş təyin etdirmək üçün isə 2113 ABŞ dolları ödəməli olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti