...

Azərbaycan Parlamentinin komitə sədrinin müavini Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını vacib sayır

Cəmiyyət Materials 8 Aprel 2010 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması ideyası dəstəklənməlidir.

"Mühacirətdə olan Qərbi Azərbaycan hökuməti ideyası çox ciddi ideyadır və mən də bu təşəbbüsün reallaşmasının tərəfdarıyam", - cümə axşamı TrendMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli bildirib.

Trend-in arayışı: XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək, erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin da adı dəyişdirilərək, erməni adları ilə əvəz edilib.

Hacıbəylinin sözlərinə görə, vaxtilə Qərbi Azərbaycanda yaşayan, sayları bu gün bəlkə milyonlarla ölçülən insanların unudulması, əslində, Qərbi Azərbaycan torpaqlarının tükrlərə mənsubluğunun unudulması demək olardı.

"Bu baxımdan, bu ideyanı daim gündəmdə saxlamaq lazımdır. Eyni zamanda, bu gün əgər Qərbi Azərbaycanda türk yaşamırsa, bu, heç də orada 50 il bundan sonra türkün yaşamayacağı anlamını vermir. Tarix təkrar olunur və mən əminəm, nə vaxtsa o torpaqlar da öz sahiblərinə qovuşacaq. Bu torpaqların ilk sahibləri türklərdir və mən inanıram, bu torpaqlar da nə vaxtsa öz ilk sahiblərinə qovuşacaq", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu ideyanın reallaşdırılmasına cidd-cəhdlər göstərilməsi 22 ildən artıq davam edən Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün əlavə rıçaqlar yarada bilər.

"Düşünürəm, həm bu ideyanın gerçəkləşməsi, həm də Naxçıvanla Azərbaycan arasında Mehri dəhlizi məsələsinin gündəmə gətirilməsi, bunlar nəticə etibarilə, Azərbaycanın məlum danışıqlar prosesində mövqeyini gücləndirməyə xidmət edir", - Hacıbəyli vurğulayıb.

Komitə sədrinin müavini deyib ki, bu gün Dağlıq Qarabağ və ona bitişik işğal olunmuş rayonlar məsələsi danışıqlar prosesinin predmeti olduğu halda, Ermənistanda azərbaycanlıların vaxtilə kompakt yaşadığı Qərbi Azərbaycan torpaqlarına qayıdışı məsələsi, ümumiyyətlə, gündəmə gətirilmir.

"Bu isə danışıqlar prosesində ciddi disbalans yaradır və düşünürəm, elə öncədən bizim daha çox israr etməli olduğumuz məqamlardan biri Mehri dəhlizidirsə, digər bir məqam isə məhz Qərbi Azərbaycanda azərbaycanlıların yenidən məskunlaşması məsələsidir. Bu baxımdan hesab edirəm, hələ də hər şey itirilməyib və istədiyimiz halda bu məsələyə qayıda bilərik", - millət vəkili xatırladıb.

Xəbər lenti

Xəbər lenti