Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının ikinci yarısında ekoloji qanun pozuntusu ilə əlaqədar hüquqi və fiziki şəxslərə qarşı 71 730 manat məbləğındə cərimə sanksiyası tətbiq edib ki, bunun da 8 221 manatı ödənilib. Bu barədə Trend-ə Ekologiya Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat verilib.
Ətraf mühitə dəyən zərərlə əlaqədar 7 757 manat dəyərində cərimə tətbiq olunub ki, bunun da 3 907 manatı ödənilib.
Qeyd edilən dövr ərzində su resurslarından səmərəli istifadə üzrə ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar tətbiq edilmiş cərimələr 39 700 manat təşkil edib ki, bunun da min manatı ödənilib.
Atmosferin çirklənməsi üzrə tətbiq edilən cərimələr 4840 manat təşkil edib ki, bunun da ötənilki cərimələrin ödəmələri də daxil olmaqla 5048 manatı ödənilib, floranın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi 15 800 manat təşkil edib ki, bunun da 2116 manatı ödənilib; faunanın müdafiəsi üzrə tətbiq edilmiş cərimələrin həcmi isə 2 min manat təşkil edib.