Azərbaycan, Bakı, 26 aprel /Trend müxbir H.Bağırov/
Azərbaycanda dələduzluqda təqsirləndirilən vəkilə 8 il cəza verilib.
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinən Fədail Gəncəliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.3.2) maddəsi ilə təqsirli bilinir.
İttihama görə, Bakı şəhər sakini Fədail Kamran oğlu Gəncəliyev Bakı şəhərində vəkilliklə məşğul olduğu və bundan istifadə edərək, əmlak alqı-satqısı adı ilə vətəndaşların külli miqdarda pulunu mənimsədiyi məlum olub.
Daxil olan şikayət ərizələri əsasında Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vəkil ötən ilin iyun ayının 24-də tutulub.
Müəyyən edilib ki, Gəncəliyev 2006-cı ilin iyununda Bakı şəhəri sakini Zərifə Mayılovanın etibarından sui-istifadə edərək, Yasamal rayonu ərazisində yerləşən 21 saylı Körpələr evinin və uşaq bağçasının ərazisini ofis kimi fəaliyyət göstərmək üçün özəlləşdirəcəyinə söz verib. Bu məqsədlə onu aldadaraq 30 min dollar pulunu, həmin ilin avqustunda Binəqədi rayonunda yerləşən "Oksigen zavodu"nun inzibati ərazisini özəlləşdirəcəyi adı ilə 50 min dollar və sonra isə 5 min dollar pulunu ələ keçirərək ona külli miqdarda ziyan vurub.
Gəncəliyev 2008-ci ilin iyun ayında Bakı şəhəri sakini Fərman Həsənovun etibarından sui-istifadə etməklə qardaşı qızını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirəcəyinə söz verərək, ondan 16 min dolları, həmin ilin iyulunda Həsənovun Ceyhun adlı dostunun oğlunu Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul etdirəcəyi adı ilə aldadaraq, 50 min dollar pulunu mənimsəməklə ona külli miqdarda ziyan vurub.