Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.Hüseynov/
Qazaxıstan İnformasiya Agentliyi ("Kazinform") və Azərbaycanın TREND Beynəlxalq İnformasiya Agentliyi informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. İmzalanma Seulda Asiya və Sakit okean ölkələri informasiya agentlikləri təşkilatının (OANA) sammit-konqresində baş tutub. Sazişi TREND-in baş direktoru İlqar Hüseynov və "Kazinform"un prezidenti Dauren Diyarov imzalayıblar.
Sənədə əsasən, tərəflər müntəzəm informasiya, analitik materillar, həmçinin, öz ölkələrinin daxili və beynəlxalq həyatına dair aktual fotoşəkillərin mübadiləsini həyata keçirəcəklər. Tərəflər dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinə informasiya dəstəyinin təminatında, həmçinin, iki ölkə ərazisində keçirilən dövlətlərarası aksiya və tədbirlərdə sıx əməkdaşlıq etmək niyyətindədir.
Qazaxıstan İnformasiya Agentliyi ("Kazinform") milli şirkəti açıq səhmdar cəmiyyətidir, 100 faizilik səhm paketi dövlətə məxsusdur. "Kazinform" on-line rejimində qazax, rus və ingilis dillərində materiallar buraxır. Qazaxıstanda, həmçinin, yaxın və uzaq xarici ölkələrdə ən geniş müxbir şəbəkəsinə malikdir. Agentlik ölkənin dövlət qurumlarının fəaliyyəti haqqında tam məlumat, Qazaxıstanın, Mərkəzi Asiya regionlarının və dünya birliyinin sosial-iqtisadi, ictimai-siyasi həyatının bütün sahələrinə dair ekspert informasiyası təqdim edir. "Kazinform"un mərkəzi ofisi Astanada yerləşir.
TREND 1995-ci ildə Azərbaycanda yaradılmış müstəqil informasiya agentliyi və Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər təchizatçısıdır. TREND hər gün beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın məlumat dərc edir. TREND müştərilərə siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklər tərəfindən yazılan yüksək keyfiyyətli multimedia materialları və analitik məqalələr təqdim edir.