...

Azərbaycan və Rumıniya institutları əməkdaşlığa dair memorandum imzalayıblar (FOTO)

Cəmiyyət Materials 21 İyun 2010 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Rumıniyanın Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutu birgə elmi tədqiqatlar keçirilməsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalayıblar. Bu barədə Trend-ə Azərbaycanın Rumıniyadakı səfirliyindən bildiriblər.

Memorandum Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rumıniyanın təhsil mərkəzi Kluj-Napoka şəhərində "Şərq və Qərb arasında dialoq" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində imzalanıb.

Memoranduma əsasən, türk və Mərkəzi Asiya xalqlarının tarixi və mədəniyyəti üzrə mühazirələr oxumaq üçün alimlərin qarşılıqlı səfərlərinin təşkili, kitabxanalar və arxivlərdən qarşılıqlı istifadə üçün şəraitin yaradılması, mütəxəssislərin hazırlanması və onlara ixtisas kurslarında qarşılıqlı yardımların göstərilməsi, birgə seminar, konfrans və simpoziumların təşkili həyata keçiriləcək.

Şərqşünas alimlərinin, tədqiqatçıların, elm adamlarının, siyasətçilərin və tələbələrin qatıldığı tədbirdə Azərbaycandan millət vəkili və Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, millət vəkilləri Gültəkin Hacıbəyli və Fazil Mustafa, Şərqşünaslıq İnstitutunun alimləri və elmi işçiləri iştirak ediblər, konfransın açılış mərasimində Rumıniya Prezidentinin müşaviri P.Kovaks, Rumıniya Parlamentinin Təhsil komissiyasının sədr müavini K.İosif, Ruminiyanın mədəniyyət və milli irs nazirinin müavini V.Timiş və Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti