...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 İyul 2010 17:05 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasovun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının bazar ertəsi təqdimat mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vaqif Abbasovun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının bazar ertəsi təqdimat mərasimi keçirilib.

Kitabda bəşəriyyətin dahi, fateh, böyük alim və müdrik insan kimi tanıdığı 19 şəxsiyyətin həyat və yaradıcılığından söz açılıb. Kitab Məhəmməd Peyğəmbərin, Atillanın, İbn Sinanın, Osman Qazinin, Nəsirəddin Tusinin, Mehmet Fatehin, Əmir Teymurun, İsaak Nyutonun, Atatürkün, ulu öndər Heydər Əliyevin, Teodor Ruzveltin və haqqında danışılan digər böyük insanların mübarizələrlə dolu həyatından bəhs edilir.

"Vaqif Abbasovun yazdığı bu kitab bir elmi-tədqiqat əsəridir və haqqında bəhs edilən insanları müəllif özü seçib və öz baxışı ilə yazıb", - AMEA-nın vitse-prezidenti Arif Həşimov kitabın təqdimat mərasimini açaraq bildirib. Onun sözlərinə görə, dahi şəxslər haqqında bugünədək bir çox ensiklopedik kitab yazılsa da, "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabında tam yeni yanaşma var.

"Kitab dünya tarixində iz qoymuş insanlardan bəhs edir. Bu kitabda sözükeçən hər dahi şəxsi öyrənmək üçün bir çox kitab oxumaq lazımdır, lakin "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabında onlar haqqında geniş və özünəməxsus şəkildə bəhs olunur", - tədbirdə kitabın ön sözünün müəllifi, millət vəkili Qənirə Paşayeva bildirib.

Paşayevanın sözlərinə görə, kitabda müəllifin öz tapıntıları, araşdırmaları var.

"Bu kitaba cəmiyyətin böyük ehtiyacı var, çünki kitabda hər sahədə dünya tarixinə öz möhürünü qoymuş insanlardan söz açılır. Kitabı oxuduqca bir daha dərk edirsən ki, tarixi sadəcə oxuyub öyrənmək yox, ondan ibrət götürmək lazımdır", - millət vəkili bildirib.

Paşayeva öz çıxışında gəncləri "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabını oxuyub orada haqqında bəhs edilən dahilərdən ibrət götürməyə çağırıb. Təqdimatda çıxış edən filoloq Cahangir Məmmədli bildirib ki, Vaqif Abbasov elmin populyarlaşmasına xidmət göstərən şəxsdir və yazdığı bu kitab da buna sübutdur.

"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının müəllifi Vaqif Abbasov bildirib ki, kitabın materiallarını 10 il müddətində toplayıb və kitabı iki il müddətində yazıb.

"Heydər Əliyev şəxsiyyətinin həyat dərsləri hamı üçün örnək olmalıdır və gənclər bu həyat dərslərini diqqətlə öyrənməlidirlər", - müəllif bildirib.

Xəbər lenti

Xəbər lenti