...

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonundan hərbi məktəblərə qəbul olunanlarla və hərbi and içən əsgərlərlə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2010 18:19 (UTC +04:00)

Azərbaycan, Gəncə, 8 avqust /Trend, müxbir V.Məmmədov/

Millət vəkili Qənirə Paşayeva bazar günü Tovuz rayonundan hərbi məktəblərə qəbul olanlarla və hərbi and içən əsgərlərlə görüş keçirib.

İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra millət vəkili Qənirə Paşayeva, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və ali hərbi məktəb, liseylərə daxil olanlar vətən uğrunda canlarını fəda edən Tovuzlu şəhidlərin qəbirlərini ziyarət ediblər. Tədbir rayonda yerləşən N saylı hərbi hissədə davam edib. Burada çıxış edən millət vəkili Qənirə Paşayeva hərbi and içən gənc əsgərləri təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzuladı. Millət vəkili respublikamızın iqtisadi və hərbi gücündən danışaraq bildirdi ki, hazırda Azərbaycan ölkə prezidenti İlham Əliyevin səyi nəticəsində sürətlə inkişaf etməkdədir.

"Bu gün bizim həm iqtisadi həm də hərbi cəhətdən güclü dövlətimiz var. Biz bu gücümüzlə sizin sayənizdə işğal altında olan torpaqları hər zaman düşmən tapdağından azad etməyə hazır olmalıyıq" deyən millət vəkili torpaq və vətən qarşısında borcu yerinə yetirməyin şərəfli bir iş olduğunu söylədi. Qeyd etdi ki, Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu hər birimizə bir örnək olmalıdır. Onun vətəni necə sevdiyini və torpaq uğrunda canını fəda etməsi əsgərlərimizdə ruh yüksəkliyinin olmasını göstərir.

Millət vəkili milli qəhrəmanın ölümündən əvvəl valideynlərinə yazdığı məktubu əsgərlərə oxudu, onun həyat və döyüş yolunu əks etdirən 10-a yaxın lövhəni hərbi hissəyə təqdim etdi.

"Mən ordumuzda ruh yüksəkliyi görürəm. Ruhu yüksək olan ordunu heç nə sarsılda bilməz. Əksinə belə ordu ilə qısa müddətə topaqlarımızı işğaldan azad edə bilərik" Qənirə Paşayeva bildirdi.

Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə övladlarının andiçmə mərasımındə iştirak edən valideynləri vətənə Sədaqətli oğul böyütdükləri üçün təşəkkür etdi. Bildirdi ki, Tovuz "qəhrəman" rayondur və onların övladları burada diqqət və qayğı ilə tam əhatə olunub.
Andiçmə mərasimində hərbi xidmətdə olan uşaqların valideynləri də çıxış edərək bildirdilər ki, onlar övladlarının vətənə xidmət etmələrindən qürur duyurlar.

Hərbi anddan sonra kəşfiyyat bölüyünün əsgərləri məharətlərini göstərdilər.

Qənirə Paşayeva bu il ali Hərbi məktəb və hərbi liseylərə qəbul olanlara milli qəhrəmanların həyatını əks etdirən kitab və qiymətli hədiyyələr verdi. Millət vəkili bildirdi ki, Tovuz hərbi məktəblərə sənəd verənlərin sayına görə rayonlar arasında birincilərdəndir. Belə ki, ilkin məlumata görə rayondan bu il 25 nəfər C. Naxçivanski Adına Hərbi Liseyə və 20 nəfər Heydər Əliyev adına Ali Hərbi məktəbə sənəd verib. Qeyd edək ki, son üç ildə rayondan 125 nəfər hərbi təhsil almaq üçün paytaxta gedib.

Millət vəkili xidmətdə fərqlənən "N" saylı hərbi hissənin əsgərlərinə də hədiyyələr təqdim etdi.
Sonda incəsənət ustalarının ifasında konsert proqramı təşkil edildi.

Xəbər lenti

Xəbər lenti