...

"YES" Qlobal Gənclər Şəbəkəsinin yaranmasının səkkiz illiyi Bakıda qeyd olunub (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2010 19:37 (UTC +04:00)
"YES" Qlobal Gənclər Şəbəkəsinin yaranmasının səkkiz illiyi cümə axşamı Bakıda qeyd olunub.
"YES" Qlobal Gənclər Şəbəkəsinin yaranmasının səkkiz illiyi Bakıda qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

"YES" Qlobal Gənclər Şəbəkəsinin yaranmasının səkkiz illiyi cümə axşamı Bakıda qeyd olunub.

Tədbirdə çıxış edən Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanda gənclərə göstərilən qayğını və "YES" təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. O, Avropada hazırda mövcüd olan ən böyük problemin doğum hallarının azalması və ölüm hallarının artmasında olduğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva tədbirdə bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi həyatına çox aktiv qoşulurlar. Bu işlərin görülməsi Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına dəstəyi ilə aparılır. Bu gün Azərbaycanın gənclər təşkilatlarının fəaliyyəti ölkənin hüdudlarından kənara çıxır.

Millət vəkili "YES" kimi gənclər təşkilatının sayının çox olmasını və onların fəaliyyətinin daha da genişlənməsini arzulayıb.

Onun sözlərinə görə, gənclərin təşəbbüslərinin həyata keçməsinə hər kəs dəstək verməlidir.

Tədbirdə çıxış edən millət vəkili Gülər Əhmədova deyib ki, Azərbaycanda kifayət qədər geniş potensiala malik gənclər var. Onun sözlərinə görə, "YES" təşkilatı Azərbaycanda sağlam gəncliyin inkişafına böyük töhfə verib. Millət vəkili fəal gənclərin gələcəkdə Azərbaycan parlament seçkilərində namizədliyini irəli sürməsini tövsiyə edib. "Sizə Azərbaycanın tarixini yazmaqda uğurlar arzulayıram", - Əhmədova deyib.

Millət vəkili Gültəkin Hacıbəyli tədbir zamanı Azərbaycan gənclərini qətiyyətli, prinsipial görmək istədiyini bildirib. "Azərbaycanın xoşbəxt gələcəyini qurmaq məhz belə gənclərin əlindədir", - o deyib.

Tədbirdə gənclər sahəsində aparılan işlərə görə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, "Azercell Telekom" şirkətinin prezidenti Əli Ağan, mügənni Tünzalə Ağayeva, həmçinin Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqaya fəxri diplomlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti