...

Azərbaycan və yəhudi diasporu: birgə əməkdaşlıq

Cəmiyyət Materials 19 Noyabr 2010 12:00 (UTC +04:00)
Danılmaz faktdır ki, bu gün dünyada yəhudi diasporu və lobbiçiliyi ən güclülərdəndir. Bu baxımdan yəhudi diasporu müəyyən mənada Azərbaycan diasporunun inkişafı üçün nümunə ola bilər.
Azərbaycan və yəhudi diasporu: birgə əməkdaşlıq

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Hacıyev/

Danılmaz faktdır ki, bu gün dünyada yəhudi diasporu və lobbiçiliyi ən güclülərdəndir. Bu baxımdan yəhudi diasporu müəyyən mənada Azərbaycan diasporunun inkişafı üçün nümunə ola bilər.

Azərbaycan və yəhudi diasporlarının yaxınlığına təsir edən başlıca faktor əsasən, İsrail və Azərbaycan dövlətinin dostluğu və xalqlar arasında mövcud olan tarixi yaxınlıqdır.

Azərbaycan-İsrail münasibətləri 1991-ci ildə qurulub. Belə ki, həmin il dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ilin aprelində iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1993-cü ilin avqustunda isə İsrail Azərbaycanda öz səfirliyini açıb. Azərbaycan İsraillə diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən hesab olunur.

Azərbaycan İsrail ilə iqtisadi və hərbi sahələrdə də əməkdaşlıq edir. İsrail Azərbaycan neftinin ikinci ən böyük idxalçılarındandır. Bundan əlavə, İsrail Azərbaycan qazının da idxal edilməsində maraqlı olduğunu bildirib. 2009-cu ildə Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib və tədbirdə hər iki ölkənin prezidentləri iştirak ediblər.

Azərbaycan-İsrail əlaqələri hərbi sahədə də uğurla inkişaf edir. 2004-cü ildə İsrail silahlarının Azərbaycana idxal olunması haqqında müqavilə imzalanıb. 2009-cu ildə İsrailin müdafiə sənayesi nəhəngi olan "Elbit Systems" şirkəti Bakıda təmsilçiliyini yaradıb.

Azərbaycan dövlətinin İsrailə və yəhudi xalqına olan münasibətlərini dövlət başçısı İlham Əliyevin fəaliyyətində aydın şəkildə görmək mümkündür.

"Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər", - Prezident İlham Əliyev Azərbaycanda yaşayan yəhudi icmasını yəhudi xalqının milli yeni il - Roş-Ha-Şana bayramı münasibəti ilə təbrik edərkən deyib.

Bildiyimiz kimi, dövlətlərin bir-birinə qarşı münasibətləri həmin dövlətlərin mənsub olduğu xalqların diasporlarına da sirayət edir. Daha doğrusu, dövlətlərin qarşılıqlı münasibətləri xalqların səmimi dostluğundan irəli gəlir. Hər iki ölkədə hakimiyyətin mənbəyi xalqdır. Və xalqların bir-birinə olan münasibətləri dövlətlərin münasibətlərinə təsirsiz ötüşmür. Azərbaycan və yəhudi xalqlarının dostluğu dərin köklərə əsaslanır. Bu dostluğun əsasında min illər boyu bir yerdə yaşamış dağ yəhudiləri ilə Azərbaycan türklərinin dostluq münasibətləri durur. Dağ yəhudilərinin Azərbaycanda və ümumilikdə Qafqazda məskunlaşmasının tarixi birinci minilliyə təsadüf edir.

Azərbaycanda yaşayan yəhudilərin tarixinə qısa nəzər salaq. Azərbaycan ərazisində üç - dağ yəhudiləri, Avropa yəhudiləri - əşkinazi yəhudilər və gürcü yəhudiləri icması var. Bütövlükdə ölkədə yəhudilərin sayı 16 mindir. Bunlardan 11 mini dağ yəhudiləridir ki, onların təxminən 6 mini Bakıda, 4 mini Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.

Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edirlər. Onların dili tat dilidir, lakin nitqlərində xeyli türk, fars və rus sözləri var. Dağ yəhudiləri icması Azərbaycanda ən qədim yəhudi icmasıdır. Tarixi mənbələrdə onların Qafqazda məskunlaşmasının miladdan öncə birinci əsrə təsadüf etdiyi göstərilir.

Bəzi fikirlərə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşmış İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, Fələstindən kənarda yaşamışlar və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyadaykən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qarışıq ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçılar isə belə hesab edirlər ki, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülüb. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalıb.

Dağ yəhudiləri yəhudi xalqının ayrılmaz tərkib hissəsidir. Onlar səfərdlər kimi tanınan "Şərq yəhudiləri" qrupuna mənsubdurlar. Uzun müddət yad mühitdə, yad dinlər arasında yaşasalar da, öz mədəniyyətlərini, həyat tərzlərini, ənənələrini, əcdadlarının dinini, kimlik şüuru və mentalitetlərini qoruyub saxlamış, eyni zamanda Qafqaz mədəniyyətindən də təsirlənmişlər.

"Dağ yəhudiləri" adını onlar XIX əsrdə Qafqaz ölkələri Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra alıblar. O vaxt ruslar bütün Qafqaz xalqlarını "dağlılar" adlandırırdılar. Odur ki, Qafqazda yaşayan yəhudilər də "dağ yəhudiləri" kimi tanınıblar.

Azərbaycanın Bakı, Oğuz və Quba şəhərlərində dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadığı yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri vacib ibadətləri yerinə yetirmək, yaxınlarının qəbirlərini ziyarət etmək üçün buraya gəlirlər.

Azərbaycanda yaşayan əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən orta əsrlər Almaniyasından çıxıblar. Onlar ilk dəfə Azərbaycana XIX əsrin əvvəllərində, ölkənin Rusiya imperiyası tərəfindən işğalından sonra gəliblər. Bir müddət sonra ölkədə neft sənayesinin sürətli inkişafı əcnəbilərin, o cümlədən Avropa yəhudilərinin Bakıya axışıb gəlməsinə təsir göstərib.

Gürcü yəhudiləri icması sayca kiçik (təxminən 700 nəfər) olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin maliyyə yardımı ilə gürcü yəhudilərinin sinaqoqu bərpa edilib.

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşıb, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmləndirib, öz dini məktəblərini - iyeşivalarını, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını, qəzetlərini yaradıblar. "Soxnut" yəhudi agentliyi, "Coynt" və "Vaad-l-Hetzola" yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur.

2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılıb. Avropada ən böyük sinaqoq olan bu bina köhnə məbədin yerində inşa edilib. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərib. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi də fəaliyyət göstərir.

Yəhudilərlə Azərbaycan türklərinin min illər ərzində bir yerdə yaşaması onların mədəniyyətlərinə, adət-ənənələrinə və məişətinə də təsir göstərib. Bu xalqlar bir-birlərinə çox yaxınlaşıb. Hazırda hər iki xalq Azərbaycan dövlətçiliyinin inkişafı üçün çalışır. Xarici dövlətlərdə yaşayan yəhudi və Azərbaycan diasporlarının yaxınlaşmasında da bu amil mühüm rol oynayır.

Xarici ölkələrdə Azərbaycan icmaları yəhudi diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edir. Azərbaycan icmalarının zəif fəaliyyət göstərdiyi, ictimai-siyasi proseslərə təsir imkanlarının məhdud olduğu ölkələrdə yəhudi icmalarının potensialından istifadə etmək mümkündür. Xalqlarımız arasında mövcud olan çoxəsrlik dostluq münasibətləri bizə bu əməkdaşlıq üçün geniş imkanlar açır. Sadəcə, bu potensialdan səmərəli istifadə etmək lazımdır.

Bu gün xarici ölkələrdə yaşayan yəhudi və Azərbaycan diasporlarının bir-birlərinə ciddi dəstəyi müşahidə olunur. Xaricdə yaşayan yəhudi təşkilatlarının birgə fəaliyyəti əsasən, erməni lobbisi tərəfindən Azərbaycana qarşı yönəldilmiş əsassız iddialara qarşı birgə mübarizə aparmaqdır. Bu mübarizə başlıca olaraq dünyanın aparıcı dövləti olan Amerika Birləşmiş Ştatlarında müşahidə olunur.

ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları müxtəlif sahələrdə iş aparırlar. Diaspora həyatı yaşayan bu milli qurumların müxtəlif sahələr üzrə formalaşması onların funksiyalarını nəzərdən keçirdikdə daha aydın şəkildə üzə çıxır. Belə təşkilatlardan biri, "Birləşmiş yəhudi çağırışı" (qısa olaraq "UJA") yəhudi xeyriyyə qurumları arasında ən böyüyüdür. Bu təşkilat 1938-ci ildə, faşist Almaniyasında baş verən "büllur gecə" qırğınına cavab olaraq və təzyiqlərə məruz qalan yəhudilərə kömək məqsədi ilə yaradılıb.

ABŞ-da yəhudilərin əksər hissəsi Nyu-York şəhərində yaşayır. Təkcə Nyu-Yorkda ABŞ yəhudilərinin dörddə birindən çoxu cəmləşib. Böyük iqtisadi və ictimai-siyasi potensiala malik yəhudi diasporunun yüzlərlə KİV-ə çıxışı var. Azərbaycan haqqında düzgün informasiyaların dünya ictimaiyyətinə çatdırılmasına, azərbaycanlıların diaspor birliklərinin formalaşmasına yəhudi milli təşkilatlarının böyük köməyi dəyə bilər.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1783636.html

http://az.trend.az/news/society/1782698.html

http://az.trend.az/news/society/1780194.html

http://az.trend.az/news/karabakh/1780129.html

http://az.trend.az/news/society/1780114.html

http://az.trend.az/news/politics/1779698.html

http://az.trend.az/capital/energy/1779708.html

http://az.trend.az/news/society/1775315.html

http://az.trend.az/news/karabakh/1771475.html

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti