...

Azərbaycan Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir

Cəmiyyət Materials 9 Dekabr 2010 18:09 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir.
Azərbaycan Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinə etiraz edir.

Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsinin qarşısının alınması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə cümə axşamı Mətbuat Şurası məlumat yayıb.

Azərbaycanda media sahəsində mükəmməl qanunvericilik bazasının olduğu vurğulanan müraciətdə bildirilir ki, "İnformasiya əldə etmək haqqında" qanun bu baxımdan istər yerli, istərsə də beynəlxalq ekspertlərin diqqət mərkəzindədir. "Qanundan irəli gələn vəzifələrin həlli üçün isə ayrıca qurumun - informasiya məsələləri üzrə müvəkkilin (ombudsman) formalaşdırılması nəzərdə tutulur. Məsələ bu il iyulun 22-də Azərbaycan Mətbuat Şurasının yeni inzibati binasının açılışı zamanı Şura üzvləri ilə keçirdiyiniz görüşdə də müzakirə olundu. Azərbaycan mediasının beynəlxalq imicinin qorunması məqsədilə "Diffamasiya haqqında" qanunun qəbulu ilə yanaşı informasiya məsələləri üzrə ombudsman təsisatının formalaşdırılması məsələləri də gündəmə gəldi. Çıxışınızda bununla bağlı ifadəsini tapan mövqe media ictimaiyyətində böyük ruh yüksəkliyi yaratdı", - müraciətdə deyilir.

Məktubda eyni zamanda bildirilir ki, informasiya məsələləri üzrə müvəkkilin ayrıca qurum kimi fəaliyyət göstərməsi daha effektiv nəticələr əldə etməyə imkan verir. Şura mövcud təcrübənin Azərbaycanda tətbiqini zəruri sayır. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda da informasiya məsələləri üzrə müvəkkilin fəaliyyəti üçün kifayət qədər əhatəli strategiya müəyyənləşdirilib.

İnformasiya məsələləri üzrə ombudsman təsisatının vacibliyinin önə çəkildiyi məktubda dövlət başçısından media ombudsmanının insan hüquqları üzrə müvəkkillə bir qurumda birləşməsinin qarşısının alınması xahiş edilir. "Sizdən məsələyə həssas münasibət göstərməyinizi, Azərbaycanda bugünkü siyasi plüralizmi daha da inkişaf etdirmək, mətbuat azadlığı prinsiplərini bundan sonra da diqqətdə saxlamaq məqsədilə müstəqil informasiya ombusmanının yaradılmasına dəstək verməyinizi, onun dünyada analoqu olmayan şəkildə - insan hüquqları üzrə müvəkkillə bir qurumda birləşməsinin qarşısının alınmasını xahiş edirik. Əminik ki, hər zaman olduğu kimi, bununla bağlı yekun mövqeyiniz də ümummedia prinsiplərinin müdafiəsini təmin edəcək", - müraciətdə bildirilir.

Xəbər lenti

Xəbər lenti