Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın "Turan" futbol klubu növbəti mövsümdə ilk "altılığ"a düşməyi hədəfləyir. Bu barədə təqdimatı zamanı "Turan" futbol klubunun yeni baş məşqçisi Naci Şensoy bildirib.
"Bu mövsüm üçün məqsədimiz "Turan"ı yüksək liqada saxlamaq, gələn ilə isə çempionatın ilk "altılığ"ına düşə biləcək bir klub yaratmaqdır", - Şensoy bildirib.
Onun sözlərinə görə, klubun əsas məqsədi Tovuzda istedadlı gənc futbolçuları yetişdirməklə Azərbaycan futboluna xidmət etməkdir. "Hazırda Tovuzdakı futbol məktəbində 500-dək gənc futbolçu var və onları lazımı qaydada hazırlamaq gərəkdir", - yeni baş məşqçi bildirib.
"Turan" klubunun prezidenti Musa Süleymanov yeni baş məşqçinin təqdimat mərasimində bildirib ki, Naci Şensoyun gənclərin hazırlanmasında böyük təcrübəsi var.
"Məqsədimiz komandanı yerli futbolçularla təşkil etməkdir", - Süleymanov bildirib. Klub prezidenti əvvəllər "Turan"a legionerlərin cəlb olunmasını səhv addım kimi dəyərləndirib.
Süleymanov əvvəlki baş məşqçi Revaz Dzodzuaşvilinin klubdan kənarlaşdırılmasının səbəbini məşqçi ilə futbolçular arasında dil baryerinin olması ilə izah edib. "Dzodzuaşvili istedadlı şəxsdir və gələcəkdə klubda digər vəzifədə çalışa bilər", - o, bildirib.
52 yaşlı türkiyəli mütəxəssis üç dəfə müxtəlif vaxtlarda "Turan"ın sükanı arxasına keçib. İlk dəfə 2002-ci ildə ölkəmizə gələn Şensoy həmin vaxt "İstanbulspor"da köməkçi məşqçi çalışdırdı. "Turan"ın baş məşqçisi postunda Nizami Sadıqovu əvəzləyən türkiyəli mütəxəssis debüt mövsümündə (2001/02) milli çempionatımız yarımçıq dayandırıldığından, tezliklə Azərbaycandan getdi. Şensoyun son çalışdırdığı klub Bolqarıstanın "Lokomotiv" komandası olub.