...

Həbs olunan Azərbaycan İslam partiyasının sədrinin qohumunun evindən silah-sursat aşkar olunub

Cəmiyyət Materials 11 Yanvar 2011 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Mövsüm Səmədovun əmisi oğlu Quba rayon sakini Dəyanət Səmədovun evinə və işlədiyi mağazaya baxış keçirilərkən döyüş sursatı olan əl qumbaraları və avtomat patronları aşkar olunub. Bu barədə çərşənbə axşamı Baş Prokurorluq və DİN-in birgə məlumatında deyilir.

Bundan əvvəl Mövsüm Səmədov ölkədə ictimai asayişin pozulmasına yönəlmiş terrorçuluğa hazırlıq və terror törədiləcəyi hədəsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə və saxlama) maddəsi ilə başlanılmış cinayət işi üzrə Respublika Prokurorluğunda istintaq aparılır.

Cinayətlərin xüsusilə ağır növlərindən olan terrorçuluq kimi ictimai təhlükəli əməlin qarşısının vaxtında alınması məqsədilə intensiv şəkildə davam etdirilən tədbirlərlə yanvarın 11-də Dəyanət Səmədovun və onun qaynı Firdovsi Məmmədrzayevin Quba şəhərində yaşadıqları ünvanlarda axtarış keçirilib.

Dəyanət Səmədovun yaşadığı mənzildə və həyətindəki yardımçı tikililərdə 2 ədəd "Kalaşnikov" avtomatı, 60 ədəd avtomat patronu, 20 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, avtomat silahı üçün 4 ədəd daraq tapılıb. Firdovsi Məmmədrzayevin evindən və həyətindəki istixanadan isə 10 ədəd "F-1" əl qumbarası və onlar üçün alışdırıcılar, 40 ədəd avtomat patronu və avtomat silahı üçün 1 ədəd daraq aşkar edilərək götürülüb.

Hazırda istintaq araşdırmaları və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti