...

Bakı məktəblərində müəllimlərin işə vahid formada gəlməsi ilə bağlı maarifləndirmə işləri aparılır

Cəmiyyət Materials 27 Yanvar 2011 12:05 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb müəllimlərinin işə vahid formada gəlməsini tövsiyə edir. Bu barədə cümə axşamı Trend-ə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib.
Bakı məktəblərində müəllimlərin işə vahid formada gəlməsi ilə bağlı maarifləndirmə işləri aparılır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir M.Əliyev/

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəb müəllimlərinin işə vahid formada gəlməsini tövsiyə edir. Bu barədə cümə axşamı Trend-ə İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, BŞTİ müəllimlərin vahid geyimdə dərsə gəlməsi ilə bağlı məktəblərdə maarifləndirmə işləri aparır.

"Bakının bir neçə məktəbinin müəllimləri öz təşəbbüsləri və məktəbin pedaqoji şurasının qərarı ilə təhsil ocağına vahid geyimdə gəlirlər. Biz digər məktəbləri də bu nümunədən faydalanmağa çağırırıq", - Əliqızı bildirib.

BŞTİ şöbə müdirinin sözlərinə görə, vahid geyim forması həm maddi baxımdan sərfəlidir, həm şagirdlərin təlim-tərbiyyəsinə müsbət təsir edir.

Əliqızı həmçinin qeyd edib ki, BŞTİ vahid forma tətbiq olunmayan məktəblərdə bəzi geyimlərə qarşı ciddi iradlar bildirir. "Gənc müəllimələrin dərsə, xüsusən 14-16 yaşlı uşaqların toplaşdığı auditoriyaya dar şalvarda gəlməsi yolverilməzdir. Müəllimələr şagirdlərdə zövq formalaşdırır və bu səbəbdən pedaqoqların geyimləri də nümunəvi olmalıdır", - Əliqızı bildirib.

2011/2012-ci tədris ilindən etibarən Bakının orta təhsil müəssisələrində bütün şagirdlər vahid məktəbli formasına keçəcək. Bakının 324 ümumtəhsil məktəbində 340 minə yaxın şagird təhsil alır.

Cari tədris ilində Bakı məktəblərində 1-6-cı siniflərdə oxuyan şagirdlərin 90 faizi üçün vahid məktəbli forması tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti